UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək

Sentyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçiriləcək.

 

Dünya universitetlərində də hər il ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə geniş məlumat vermək, əyləncəli, pozitiv gün yaşatmaqdır.

 

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunacaq “Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verəcək, tələbə könüllülər isə universitetdaxili gəzintilərdə onlara bələdçilik edəcəklər.

 

Tələbə təşkilatlarının stendlərində fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat veriləcək. Bu il ilk dəfə olaraq “UNEC Startap” və “Encastus” stendləri də tələbələrə tanıtımlar həyata keçirəcək. UNEC Startapçılarının stendlərində həm ideyaların nümayişi keçiriləcək, həm də komandaya yeni üzvlərin cəlbi təşkil olunacaq. UNEC-in “Enactus” komandası stenddə beynəlxalq yarış haqqında məlumatlar verəcək, bu günədək keçirilən layihələri nümayiş etdirəcək, o cümlədən bu il keçiriləcək yarışda iştirak etmək istəyənləri komanda üzvlüyünə qəbul edəcəkdir.

 

UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün karyera quruculuğu istiqamətində məsləhətlər təşkil edəcək, mərkəzin fəaliyyətindən bəhs edəcəkdir. Əlavə olaraq, bu il ilk dəfə olaraq,  yeni qəbul tələbələr üçün Karyera Planlama Testi təşkil olunacaq.

 

Tədbir günü UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər ifa ediləcək, əyləncəli və intellektual oyunlar, həmçinin stolüstü tennis, voleybol, badminton, rəsm sərgisi və digər pozitiv fəaliyyətlər nümayiş etdiriləcək.

 

Oriyentasiya günü 13 sentyabr saat 10:00-15:00-dək UNEC-in bütün tədris binalarında təşkil olunacaq. Universitetə yeni qəbul olan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

İqtisadiyyat, Texnologiya və dizayn, Ekspertiza və standartlaşdırma fakültələri, Rus İqtisad Məktəbi - II tədris binası (Həsən Əliyev küçəsi, 135);

Biznes və menecment, Türk Dünyası İqtisad  fakültələri - IV tədris binası (Abbas Səhhət küçəsi, 45 A).

 



10.09.2019 | 12:30