Vyanada BDU-nun 100 illik yubileyi qeyd olunub

Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi qeyd edilib. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirində BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.

 

Yubiley mərasimi BDU tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirildiyi videokadrın nümayişi ilə başlanıb.

 

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

 

Mədəniyyət Mərkəzinin rəhbəri L.Qasımova bildirib ki, Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. BDU yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.

 

Azərbaycanın Avstriyadakı səfiri Q. İsrafilov çıxışında Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.

 

Rektor E. Babayev ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən BDU-nun yubileyinin müxtəlif səviyyələrdə, o cümlədən UNESKO-nun iqamətgahında, dünyanın bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib. Universitetin keçdiyi şərəfli yola qısa ekskurs edən E.Babayev vurğulayıb ki, bu tarixi inkişaf mərhələsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrətli alimlər, siyasi xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarca məşhur sima bu şərəfli siyahıda yer tutur.

 

Universitetin bu günü haqqında danışarkən E.Babayev dünyanın tanınmış ictimai-siyasi xadimlərinin bu universitetin fəxri doktoru olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır: “Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar”.

 

Çıxışının sonunda rektor E.Babayev Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri fərmanını təqdim edib.

 

Tədbir bədii hissə ilə davam edib. Həmçinin, tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. Mədəniyyət Mərkəzinin zallarında BDU-nun 100 illik fəaliyyəti haqqında tarixi və müasir fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.



10.09.2019 | 16:31