Azərbaycan və Rusiyanın pedaqoji universitetləri əlaqələri genişləndirmək haqqında razılıq əldə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Dövlət Professional-Pedaqoji Universitetinin (RDPPU) rektoru, pedaqoji elmlər doktoru, professor Yevgeni Doroşkin ilə görüş keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, yaranma tarixi baxımından Pedaqoji Universitet ölkəmizin ikinci qədim ali təhsil ocağı, struktur, professor-müəllim və tələbə heyəti tərəfindən baxımından isə üçüncü ən böyük universitetidir. ADPU-nun 8 fakültəsi, 32 kafedrası var. Universitetdə 18 minə yaxın tələbə təhsil alır. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Rektor vurğulayıb ki, ADPU-nun fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir.

 

RDPPU-nun rektoru, professor Yevgeni Doroşkin də öz növbəsində bu ali təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu, strukturu, tədris və elmi-tədqiqat fəaliyyəti, elmi nəşrləri haqqında haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin tərkibində 5 institut, 1 kollec, doktorantura və aspirantura şöbələri, 4 filial var. Universitetdə müxtəlif sahələr üzrə hazırlanan mütəxəssislərin peşə hazırlığı ilə yanaşı, psixoloji hazırlığına da xüsusi diqqət yetirilir.

 

Sonra ADPU və RDPPU arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda ADPU və RDPPU arasında humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçiriməsi, hər iki tərəf üçün maraq kəsb edən birgə elmi konfransların, simpozium və seminarların təşkili, akademik mobilliyin inkişafı, o cümlədən  professor-müəllim, aspirant və tələbə mübadiləsi, yay və qış dil məktəblərinin təşkili, informasiya, elmi nəşrlərin və tədris-metodiki ədəbiyyatın mübadiləsi öz əksini tapıb. 



11.09.2019 | 19:16