Əməkdaşlıq hədəflərə hesablanarsa...

Təlim-tədris keyfiyyətinin yüksəldilməsi və daimi olması, eləcə də şagird performansını və motivasiyasını artırmaq və onların mənəvi-psixoloji inkişafından söhbət gedirsə, ailənin (valideynlərin) prosesə daxil edilməsi, müəllim-valideyn əlaqələrinin möhkəm və mütəmadi xarakter alması prioritet məsələ olmalıdır.

 

Digər bir tərəfdən, dəyişməkdə olan təhsil sistemi, sosial-iqtisadi inkişaf və başqa faktorlar valideynlərin məktəbdən və pedaqoji kollektivdən gözləntilərinin böyüməsinə səbəb olmuşdur.

 

Valideyn-müəllim əməkdaşlığında əvvəlki dövrlərə nisbətən hər iki tərəf artıq daha çox maraqlıdır.

 

Hər şeydən əvvəl qeyd etməliyik ki, kifayət qədər əlverişli təlim mühiti təşkil etsək belə təhsilalanların evdə - ailə içində keçirdiyi zaman məktəbdəkindən daha uzundur və bu hal diqqətdən kənarda saxlanıla bilməz.

 

Elə bu səbəbdən də müəllimin sinifdə istifadə etdiyi yanaşma və üslubu, şagirdə aşılamağa çalışdığı dəyərlər və həyata baxış tərzi valideynlər tərəfindən dəstəklənmədikdə, hətta ailənin görüşləri ilə toqquşduqda fərdlərə müsbət mənəvi keyfiyyətlərin qazandırılmasından danışmaq absurd olacaqdır.         

 

Pedaqoq-valideyn münasibətlərinin pozitiv istiqamətdə və daimi formada olduğunu hiss edən şagirdin özünü diqqət mərkəzində və dəyərli hiss etməsi ilə onda özünəinam və məsuliyyət hissinin möhkəmlənməsi təbiidir. Bu hal həm də şagirdlərin öz müəllimlərinə güvənə biləcəyinə inanmasına səbəb olmaqdadır.        

 

İlk olaraq vurğulamaq lazımdır ki, müəllim-valideyn görüşləri (istər valideyn iclası, istərsə də ikili və ya üçlü görüşlər) təkcə problemli situasiyalar zamanı  təşkil edilməməlidir. Fərdlərin təlimdəki müsbət irəliləyişləri izlənərək ailələrin bu barədə mütəmadi məlumatlar əldə etməsinə çalışmalıdır.

 

Təhsilalanlarda müşahidə olunan neqativ davranışların, tədris prosesindəki geriləmə hallarının aradan qaldırılması məqsədilə keçirəcəyim görüşlərdə diqqət etməli olduğumuz bəzi nüansları isə aşağıda qeyd edirik.

 

a) Unutmamalıyıq ki, tənqidə tolerant yanaşmayan valideynlərlə qarşılaşmağımız tez-tez rast gəlinən haldır. Bəzi valideynlər övladlarını öz parçası olaraq qəbul etdiyindən onlar haqda söylənilən iradları özlərinə aid etməkdədirlər.

Digər tərəfdən də şagirdin sinifdə, eləcə də məktəb daxilindəki davranışları evdəki ilə üst-üstə düşməyə və bu hal da ailələrin iradları qəbul etməməsinin səbəblərindən ola bilər.

 

Bunun nəticəsi olaraq müəllimin uşağı tanıya bilməməkdə təqsirləndirməsi hallarına tez-tez rast gəlinməkdədir. 

 

b) Görüşməyə şagirdin nöqsanlı hərəkətlərini sadalamaqla başlamaq doğru bir üslub deyil. Əvvəlcə şagird xarakterindəki müsbət tərəflər vurğulanmalı, valideynlər təndiqi fikirlərə dözüm göstərə biləcək psixoloji vəziyyətə gətirilməlidir.

c) Ailələri müəllimlərlə əks qütblərdə yox, məhz eyni cəbhədə və eyni hədəf üçün sizinlə birlikdə hərəkət etməli olduqlarına inandırmaq məsələnin həllində xüsusi rol oynamaqdadır.

d) Bir çox təhsilalanda ailələrin çox yüksək gözləntisi səbəbilə onları heç bir halda məmnun edə bilməyəcəyi düşüncəsi formalaşır və ruh düşkünlüyü əmələ gəlir.

Əməkdaşlıq hədəflərin müəyyənləşdirilməsini və onun şagirdin öyrənmə xüsusiyyətlərinə, potensialına adekvat olaraq seçilməsi məsələlərini də əhatə etməlidir.

 

e) Problemlərdən çox məsələnin həllinə fokslanmalı, valideynlərin anlamaqda çətinlik çəkə biləcəyi pedaqoji terminlərdən minimum istifadə edilməlidir. İşlətdiyiniz üslub əməkdaşlığa dəvət hissi verməlidir.

“Bizə nə məsləhət görərdiniz, bu davranışın səbəbini tapmaqda çətinlik çəkirik” və s. kimi ifadələrin seçilməsi, görüş zamanı qeydlər almaq peşəkar bir davranış olacaqdır.

 

f) Daha əvvəldə də bəhs etdiyimiz şagirdlərin biri-birilə müqayisəsi burada da öz mənfi təsirini hiss etdirə biləcəyindən valideynlərə başqa bir şagirdi yaxşı nümunə olaraq göstərilməməlidir.

g) Şagirdlərin tədrisdəki zəif nəticələri və nöqsanlı davranışlarının səbəb yox, nəticə (ailə münasibətləri, səhhəti, maddi durumu və s.) olduğu gerçəyi unudulmamalı, görüşmələr şagird barədə daha çox məlumat sahibi olmağa, onu daha da yaxından tanımağa istiqamətlənməlidir.

h) Ünsiyyət zamanı problemi ümumiləşdirmək yerinə, konkret faktlardan (məsələn: “dərslərdə intizamsızlıq edir” əvəzinə “həftənin ......... günü ...... dərsində ........edib”) istifadə edilməsi valideyndə müəllimin və məktəbin övladı üzərində yaxın nəzarətinin olduğu təsirini yaradacaq və məsələnin həllində daha yaxından iştirak etməyə sövq edəcəkdir.

 

Ən son məqsədin problemləri uşaqların yerinə həll etməyə çalışmaq deyil, onların bu problemlərin öhdəsindən gəlməyinə yardımçı olmaq, onları həyata hazırlamaq olduğunu yaddan çıxarmamalıyıq.

 

Tərlan PAŞAYEV,

Yardımlı şəhər V.Məmmədov adına 2 nömrəli tam orta məktəbin müəllimi



13.09.2019 | 17:09