Azərbaycan-Çin əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması barədə müqavilə imzalanacaq

Oktyabrda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan və Çin Böyük İpək Yolunda” adlı “Dəyirmi masa” keçiriləcək. Tədbirdə Azərbaycan və Çin tarixçiləri iştirak edəcəklər.

 

Çin nümayəndə heyətinə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanq rəhbərlik edəcək.

 

Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında Azərbaycan-Çin əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması barədə müqavilənin imzalanması nəzərdə tutulub. Mərkəzlərdən biri Bakıda Tarix İnstitutunun nəzdində, digəri isə Pekində Dünya Tarixi İnstitutunun nəzdində fəaliyyət göstərəcək.

 

Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq.

 

Hazırda Tarix İnstitutunda “Azərbaycan-Çin əlaqələri tarixindən” kitabı nəşrə hazırlanır. Kitabın müəllifləri tarixçi alimlər Nərgiz Axundova və Xou Aytszyun, elmi redaktoru isə akademik Yaqub Mahmudovdur.

 

Xatırladaq ki, Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə 2015-ci ildən əməkdaşlıq edir. 2016-cı ildə isə Tarix İnstitutunda “Azərbaycan və Çin mədəniyyətlərinin tarixi əlaqələrinə dair” adlı kitab çap olunub, müəllifi tarixçi Nərgiz Axundovadır.



14.09.2019 | 12:35