Macarıstan Prezidenti ADU rektorunu ali ordenlə təltif edib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru,  akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

 

Sentyabrın 13-də ordenin təqdimatı ilə bağlı universitetdə tədbir keçirilib.

 

Rektor K.Abdulla “Zabit Xaçı” ali ordeni ilə təltif olunmasının böyük şərəf olunduğunu söyləyib və Macarıstan Prezidentinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

 

Səfir Viktor Sederkenyi akademik K.Abdullanı Macarıstan Prezidentinin sərəncamına əsasən “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif etməkdən şərəf duyduğunu söyləyib: “Macarıstan və Azərbaycan arasında olan əlaqə strateji və dostluq xarakteri daşıyır. Bu, xalqlarımızın mənafeyinə yönəlmiş əməkdaşlığın bütün sahələrini əhatə edir. Bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir, iqtisadi əməkdaşlığımız genişlənir, qarşılıqlı mədəni proqramlarımız rəngarəngdir. Yüzlərlə azərbaycanlı tələbə bu gün Macarıstanda təqaüd proqramları çərçivəsində təhsil alır. Onu da qeyd etmək lazımdır ki, azərbaycanlı tələbələr məhz belə nüfuzlu universitetdə macar dilini öyrənməyə müvəffəq olurlar. Qarşılıqlı dəstək və anlaşmanın bu səviyyədə inkişaf etdirilməsi əlaqələri yaradan və qoruyub saxlayan insanların əməyi nəticəsində mümkün olub. Bu cür insanlar böyük diqqətə layiqdirlər”.

 

Sonra səfir Macarıstan Prezidenti Yanoş Aderin Sərəncamına əsasən Macarıstanın “Zabit Xaçı“ ali xidmət ordenini ADU-nun rektoru K.Abdullaya təqdim edib.



13.09.2019 | 19:24