Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sentyabrın 19-u görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür. Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyub.

 

Anım mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 27 il əvvəl dünyasını dəyişmiş görkəmli alimin keçdiyi həyat yolundan bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

 

G.Baxşəliyeva vurğulayıb ki, Aida İmanquliyevanın elmi fəaliyyəti müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açıb. Böyük alim yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında mühüm xidmətlər göstərib.

 

A.İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini deyən G.Baxşəliyeva onun qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, beynəlxalq əlaqələrinin inkişafı sahəsində gördüyünü işləri diqqətə çatdırıb. Vurğulayıb ki, Aida İmanquliyevanın itkisi bütövlükdə Azərbaycan elminin böyük itkisidir.

 

Daha sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev çıxış edərək Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və bu sahədə ilk azərbaycanlı elmlər doktoru, professor ərəbşünas qadın olduğunu bildiriblər. Qeyd olunub ki, görkəmli alimin xatirəsi ürəklərdə əbədi yaşayır. Onun əsərləri dönə-dönə oxunur, tərcümə olunur, təhlil və tədqiq edilir. 



19.09.2019 | 18:10