"Qafqaz Neoliti" sənədli filmi təqdim olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Televiziyası- “Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan "Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirilib.

 

Təqdimat zamanı ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğu bildirilib. Qeyd edilib ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb.

 

Filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulanıb. Eyni zamanda, filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacağı diqqətə çatdırılıb.

 

Çıxışlardan sonra film nümayiş etdirilib.

 

Qeyd edək ki, filmin prodüseri Xalq artisti, rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir.



19.09.2019 | 18:44