ADU Polis Akademiyası ilə əməkdaşılıq edəcək

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

ADU-nun rektoru qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib: “Hesab edirəm ki, Azərbaycan ali məktəbləri arasında bu cür münasibət qurmaq son dərəcə vacibdir. Biz də əl-ələ verib Azərbaycan naminə görülən işlərə öz töhfəmizi verməliyik. Mənə elə gəlir ki, həm bizim tələbələrimizin sizin müəllimlərin və mütəxəssislərin mühazirələrinə, məşğələlərinə, həm də Polis Akademiyasının tələbələrinin də bizim müəllimlərin məsləhətlərinə ehtiyacı var”.

 

Universitetdə görülən işlərdən bəhs edəh K. Abdulla təkliflə çıxış edib: “Mən güman edirəm ki, sizin xarici dil həvəsinizi və arzunuzu yerinə yetirmək işində sizə köməklik göstərə bilərik, sizin mütəxəssislərin universitetimizdə vaxtaşırı mühazirə oxumaqlarını təşkil edə bilərik. Mənə elə gəlir ki, ideyalarımız bir-birini tamamlayacaq”.

 

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib:  “Bu gün ölkə başçımız da öz çıxışlarında deyir ki, ictimai sabitliyin olmadığı yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz. Azərbaycanda bugünkü sabitliyi qoruyan hüquq-mühafizə orqanlarının ən fəalı polisdir. Ona görə də biz yalnız elmə malik məzun yox, Azərbaycan vətəndaşına xidmət edəcək, dövlətimizi, gələcəyimizi, doğmalarımızı qoruyacaq mütəxəssislər yetişdiririk. Bu gün Azərbaycanın bütün regionlarında beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlar səfər edir. Dil biliyi ünsiyyət zamanı mütləq lazımdır. Biz də qarşımıza məqsəd qoyduq ki, hər bir məzunumuz ingilis dilini bilməlidir. Ona görə də sizinlə əməkdaşlıq etmək qərarına gəldik”.

 

Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.

 



23.09.2019 | 09:47