ADPU fəalları İvanovka kolxozunda

ADPU-nun ictimai təşkilatlarının fəalları olan bir qrup tələbəsi ölkəmizdə yeganə kollektiv təsərrüfatı yadigarı olan İsmayıllı rayonunun İvanovka kəndinin N.Nikitin adına kolxozunda olublar. Tələbələr universitetin əməkdaşları Turan Kərimli və Cavid Hüseynovun müşayəti ilə növbəti məhsul mövsümdə kolxozçuların qonağı olub, sahələrdə işləyən kolxozçularla birgə üzüm yığımında iştirak ediblər.

 

Tələbələr İvanovka kolxozunun qonaqpərvər kollektivi tərəfindən kənddə bir gün qonaq edilib, gəzməli-görməli yerlərdə olub, əsrarəngiz təbiət mənzərələrini seyr ediblər. Eyni zamanda, onlar Azərbaycan multikulturalizminin unikal nümunələrindən biri, Çar Rusiyası dönəmindən buralarda məskunlaşan və özünəməxsus mədəniyyətlərini yaratmış yerli malokanların həyat tərzi və mədəni həyatı ilə də yaxından tanış olublar.

 

Qeyd edək ki, ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun bu təşəbbüsü gələcəyin qurucuları olan müəllim ixtisasına yiyələnən gənclərin dünyagörüşü və təcrübələrinin artırılması, mədəni müxtəlifliklərlə tanışlığı istiqamətində universitetin və onun ictimai təşkilatlarının həyata keçirdiyi çeşidli layihələrdən biridir.



23.09.2019 | 18:15