Pedaqoji Şura iclasları başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən Pedaqoji Şura iclasları başa çatıb.

 

Şura iclaslarında  ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, şagirdlərin oxu, yazı və riyazi bacarıqları səviyyəsinin öyrənilməsi, İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin mövcud durumunun təhlil edilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı məktəblilərin araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılıb.

 

Pedaqoji Şura iclaslarında müəllimlərə 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəblərin pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələrin durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

 

Həmçinin Pedaqoji Şura iclaslarında təqaüdə çıxan müəllimlər təntənəli şəkildə yola salınıb, gənc müəllimlər məktəb kollektivinə təqdim edilib.

 

 



24.09.2019 | 10:23