Rektor: “Mən sizin dostunuz olacağam”

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev bu ali texniki təhsil ocağının birinci kurs tələbələri ilə görüşüb.

 

AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki,  yenicə tələbə adını qazanan gəncləri təbrik edən rektor Texniki Universiteti digər ali məktəblərdən fərqli edən cəhətlərə diqqəti cəlb edib, tələbələrə olan tələb və gözləntilərini səsləndirib. AzTU-nun təcrübəli professor-müəllim heyətinə sahib olmasından, tələbə-müəllim münasibətlərindən, yeni tədris ilində ciddi dəyişikliklərin hədəfləndiyindən danışan professor V.Vəliyev  keçmişi arxada buraxaraq gələcəyə baxmağa çağırıb, yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir təhsil üsullarına keçməyin vaxtının çatdığını bəyan edib.

 

Tələbələri fəal olmağa səsləyən, “Zəif, kəsirli tələbə bizə yad olmalıdır” deyən rektor şəffaf münasibətləri vacib saydığıni, tələbələrin yanında olacağını, onlara hərtərəfli dəstək verəcəyini bildirib: “Mən sizin dostunuz olacağam!”

 

V.Vəliyev onu da bildirib ki,  AzTU Elmi Şurasının oktyabrın 2-də keçiriləcək iclasında Texniki Universitetin fəaliyyəti  və gələcək inkişafı üçün önəmli məsələlər müzakirə ediləcək və  mühüm addımlar atılacaq.

 

Görüşdə AzTU rektoru tələbələri maraqlandıran və narahat edən sualları cavablandırıb, onlara bir daha uğurlar arzulayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə  V.Vəliyev AzTU-nun rektoru təyin edilib.



24.09.2019 | 11:30