Ruandalı tələbələrin Ali Neft Məktəbində təhsil alması üçün ilkin razılıq əldə edilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Ruandanın Türkiyə Cümhuriyyətindəki səfiri Williams Nkurunziza və Səfirliyin Baş katibi Coel Uvizeye ilə görüşüb. Görüşdə əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub.

 

Rektor E.Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurları haqda qonaqlara ətraflı məlumat verib.

 

BANM-in beynəlxalq əlaqələrə üstünlük verdiyini, eyni zamanda beynəlxlaq tədris proqramlarına əsasən tədris apardığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini qeyd edib: “Bu gün biz Ali Məktəbimizdə tələbələrə neft-qaz sənayesinin, istehsalatın incəlikləri ilə yanaşı, onlara bu sahədə kommersiya sirlərini da öyrədirik. Ruanda 12.6 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşılan dövləti hesab olunur. Ölkə intensiv inkişaf dövrünə qədəm qoyduğu üçün yüksəkixtisaslı kadrların hazırlanmasına ehtiyac duyulur. Hesab edirəm ki,  Ali Neft Məktəbi ilə səmərəli əməkdaşlıq çərçivəsində Ruanda hökuməti  ilə birgə təqaüd proqramları əsasında ruandalı mühəndislərin yetişdirilməsinə nail olmaq olar”.

 

Səfir Williams Nkurunziza da öz növbəsində ölkəsində neft-qaz sənayesinin nisbətən yeni inkişaf etdiyini qeyd edərək, təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib: “Hazırda bizim ölkədə neft-qaz, energetika sahəsində azərbaycanlı mütəxəssislər kimi peşəkarlara ehtiyac var. Bu ehtiyacı nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin bütün ixtisasları üzrə təhsil almaq üçün tələbə göndərməyə maraqlıyıq”.

 

Tərəflər növbəti tədris ilindən ruandalı tələbələrin BANM-da təhsil alması üçün ilkin razılığa gəliblər.

 

Sonda yaxın zamanda ikitərəfli Anlaşma Memorandumunun imzalanması qərara alınıb.



24.09.2019 | 12:09