Azərbaycanda təhsildən imtina etmənin müxtəlif səbəbləri

2019-2020-ci  tədris ili üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçənlərin sayı isə tələbə adı qazananların sayı ilə eyni deyil. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyərək müvafiq ixtisasa yerləşdirilməkdən və təhsil almaqdan imtina edənlər təqribən 2000 nəfərdir. Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, qeydiyyatdan keçməyənlər tələbə adı qazananların 4.5 faizini təşkil edir.  İmtina olunan ixtisasların əksəriyyəti ödənişli yerlər olsa da, dövlət sifarişli yerlərin sayı da kifayət qədərdir.

 

Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəin (ADNSU) qeydiyyatdan keçməyənlərin sayı 68 nəfərdir. Onların 21 nəfəri UFAZ-a qəbul olunanlardır.

 

Universitetin tədris işləri üzrə prorektoru Qasım Məmmədovun sözlərinə görə, ADNSU-da təhsildən imtina edənlər xaricdə təhsil almaq imkanı yarananlardır: “İmtina olunan yerlər yalnız ödənişli yerlər deyil. Əksinə, ADNSU-da təhsil almaqdan imtina edən 47 nəfərin 26-sı dövlət sifarişli, 21 nəfəri isə ödənişli yerlərə qəbul olunub”.

 

Q.Məmmədovun sözlərinə görə, imtina edənlər xaricdə təhsil almağa gedənlərdir: “Hətta qeydiyyatdan keçən 4 tələbəmiz də ərizə yazıb universitetimizdən xaric olundular. Çünki onlara Türkiyə universitetlərindən müsbət cavab gəlib”.

 

Q.Məmmədovun fikrincə, gənclər həm Azərbaycandakı, həm də xaricdəki ali təhsil müəssisələrinə müraciət edirlər. Xaricdəki universitetlərin cavabı DİM-in keçirdiyi müsabiqənin nəticələri elan olunandan sonra gəldiyindən, abituriyentlər bu müsabiqənin sonuncu mərhələsinədək iştirak etmək məcburiyyətində qalır, xaricdən cavab gəldikdən sonra isə təhsil alacağı universitetdən imtina edirlər.

 



24.09.2019 | 14:50