AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarını AMEA-nın vitse-prezidentləri, akademiklər – İbrahim Quliyev, Tofiq Nağıyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev və İradə Hüseynovaya, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidiyə, AMEA-nın Fəxri Fərmanlarını AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovaya, akademik Nizami Cəfərova və AMEA-nın müxbir üzvü Əli Nuriyevə təqdim edib. Bundan əlavə, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları da təqdim olunub.

 

Sonra gündəlikdəki məsələlərlə bağlı məlumat verilib.

 

İclasda gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.

 

İclasda müzakirəyə çıxarılan növbəti elmi-təşkilati məsələ AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə Moskva şəhərində keçirilmiş işgüzar görüşün nəticələri barədə olub. Mövzu ilə bağlı çıxış edən akademik İbrahim Quliyev elmi araşdırma və innovasiyalar üzrə yol xəritəsinin icrası ilə bağlı iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib. Natiq vurğulayıb ki, görüşdə, həmçinin 2020-ci ildə “Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası” elmi-praktik forumunun, Xəzər dənizinin bioloji müxtəlifliyi və ekologiyasının öyrənilməsi məqsədi ilə birgə ekspedisiyaların təşkili, Xəzərdə seysmik şəbəkənin yaradılması, Qafqazın geodinamikasına dair məlumat bazalarının formalaşdırılması, nüvə təbabəti və kosmik tədqiqatlar sahəsində müştərək tədqiqatlar həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 

Sonra AMEA-nın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək hesabatların elmi şuralarda vaxtında müzakirə olunub təqdim edilməsini tövsiyə edib.

 

İclasda hesabatların, o cümlədən müəssisələr tərəfindən həyata keçirilmiş elmi, elmi-təşkilati və digər göstəricilər üzrə fəaliyyət barədə hesabatların AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilməsi qərara alınıb. Bölmənin elmi müəssisələrində, eləcə də respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində bölmənin profilinə uyğun aparılan fundamental tədqiqatların mühüm elmi nəticələri, elmi tədqiqat işlərinin gedişi, tamamlanmış mövzular, habelə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar bölməyə və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə hesabatın hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Həmçinin tabeliyində elmi müəssisə və ali məktəblər olan nazirliklərin, eləcə də digər dövlət qurumlarının hesabatlarının AMEA-nın elmi bölmələri ilə birlikdə müzakirədən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılıb.

 

AMEA-nın müxbir üzvü Ə.Sadıqov gündəlikdə yer alan elmi istiqamətlər üzrə elmi şuralar barədə məsələyə də toxunub. Akademik-katib AMEA Rəyasət Heyəti və Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında birgə qərarını xatırladıb. Elmi şuraların nümunəvi əsasnamə layihəsinin hazırlandığını və şuraların tərkibinin formalaşdırılaraq, təsdiq olunmaq üçün AMEA Rəyasət Heyətinə təqdim olunduğunu qeyd edib.

 

AMEA Rəyasət Heyətinin qərarı ilə elmi istiqamətlər üzrə elmi şuraların tərkibi və nümunəvi əsasnaməsi təsdiqlənib, elmi şuraların fəaliyyətini bu sənədə uyğun təşkil etmək şura sədrlərinə həvalə olunub.

 

Tədbirdə AMEA-nın vitse-prezidenti, AMEA-nın Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərman ilə təltif olunması, institutun elmi şurasında yubiley iclasının keçirilməsi və akademik Təyyar Cəfərovun fizika elminin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyilə əlaqədar elmi sessiyanın təşkili qərara alınıb. AMEA Rəyasət Heyəti hər iki alimin təltif edilməsi məqsədilə müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması barədə qərar verib.

 

İclasda AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşının AMEA-nın Xatirə nişanları ilə təltif edilməsi, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının adının dəyişdirilərək “Həyat elmləri və biotəbabət” adlandırılması, AMEA-nın “Sosial elmlər” jurnalının Redaksiya heyətinin və akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi ilə bağlı Tədbirlər planının təsdiqlənməsi barədə qərarlar qəbul olunub.

 

Rəyasət Heyətinin iclasında AMEA-nın elmi tədqiqat müəssisələrinin  direktoru vəzifəsinə keçirilmiş seçkilərin nəticələri də təsdiqlənib.



26.09.2019 | 10:35