Beynəlxalq coğrafiya olimpiadasına hazırlıqla bağlı tədbir keçirilib

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, c.ü.f.d. Mirnuh İsmayılov Bakı şəhəri 8 saylı orta məktəbində keçirilən "Coğrafiyadan şagirdlərin Beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" layihəsinin açiliş tədbirində iştirak edib.

 

Tədbirdə çıxış edən layihə rəhbəri, "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Yaşar Seyidəliyev iştirakçılara Beynəlxalq Coğrafiya olimpiadası, müasir coğrafiyanın bugünki vəziyyəti, gələcək perspektivləri  və layihə barədə məlumat verib. Bildirilib ki, BMT nəzdində fəaliyyət göstərən  dünya ölkələri coğrafiya alimlərinin Beynəlxalq Coğrafiya Birliyinin (İGU) təşkil etdiyi olimpiada coğrafiya üzrə orta məktəb şagirdləri arasında dünyada ən yüksək müsabiqədir və hər ilin avqust ayında keçirilir. Milli coğrafiya müsabiqəsinin ən yaxşısı adını alan  və 16-19 yaş arası olan gənclər müsabiqədə iştirak etmək hüququ qazanırlar.   

 

Şöbə müdiri Mirnuh İsmayılov layihənin coğrafiya fənni üçün əhəmiyyətindən, onun gənc və yeniyetmələrdə coğrafiyaya olan marağın artmasındakı rolundan danışıb. M.İsmayılov Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyətinin belə tədbirləri hər zaman dəstəklədiyini, coğrafiyaçı alimlərin uyğun tədbirlərdə yaxından iştirak etdiklərini  diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən BDU-nun dosenti Nərminə Seyfullayeva və digər coğrafiyaçılar da Azərbaycanda Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlıq mərkəzinin təşkilini müsbət qarşıladıqlarını və dəstəklədiklərini bildiriblər.



26.09.2019 | 16:33