“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi ölkələrdən 50-dən çox nümayəndə iştirak edib.

 

Ali Məktəbin rektoru Elmar Qasımov “Əsrin müqaviləsi”nin məqsədi, neft strategiyasının uğurları və perspektivləri barədə iştirakçılara ətraflı məlumat verib. Rektor, müstəqil Azərbaycanı müasir, güclü, dayanıqlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyevin siyasi-iqtisadi islahatlarının əsasını neft strategiyasının təşkil etdiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsrdə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan “Əsrin müqaviləsi” olub: “Məhz, Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olaraq, neft sənayesində müasir texnologiyaların tətbiqi, Qərbə inteqrasiya, neft kapitalının insan kapitalına çevrilməsi prosesinə start verildi. Bununla da, sonrakı illərdə neft hasilatı artdı, qərb şirkətləri ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə Qafqazda fəaliyyətə başladı. Bir məqamı da qeyd edim ki, əvvəllər transmilli şirkətlərdə çalışanların çoxu əcnəbi idisə, qoyulan tələb və həyata keçirilən islahatlar sayəsində hazırda 90 faiz yerli mütəxəssislərdir. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın qlobal əhəmiyyət kəsb edən enerji dəhlizinə çevrilməsi istiqamətində yeni era başladı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa əsas ixrac neft boru kəmərlərinin istifadəyə verilməsi, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsi, Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən çoxmiqyaslı işlərin sadəcə bir hissəsidir”.

 

BP-nin Xarici Əlaqələr Departamentinin rəhbəri Günəş Əliyeva tədbirdə təqdimatla çıxış edərək, təmsil etdiyi şirkətin həyata keçirdiyi işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

İtaliyanın “Maire Tecnimont Qrup” şirkətinin eksperti Eduardo Faççi çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi” böyük tarixi nailiyyətdir. O, bu müqavilənin bir sıra strateji əhəmiyyətli qlobal layihələrin həyata keçirilməsinə rəvac verdiyini qeyd edib. 

 

İspaniyanın enerji sektoru üzrə aparıcı özəl şirkət olan “DISA Renovables” şirkətinin  proqram rəhbəri Alfredo Ramirez Diaz “Əsrin müqaviləsi”nin reallaşdırılması zamanı geosiyasi, iqtisadi üstünlüklərlə yanaşı, ətraf mühitə qayğının da düşünülməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Digər beynəlxalq ekspertlər çıxışlarında uzun illər Avropanın bir çox ölkələrində fəaliyyət göstərdiklərini qeyd edərək, belə uzun müddət üçün nəzərdə tutulmuş perspektivli layihələrlə rastlaşmadıqlarını vurğulayıblar.

 

Konfrans xarici qonaqların sual-cavabı ilə öz işini yekunlaşdırıb.

 



26.09.2019 | 17:36