425 gəncin təhsil haqqı xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq

Azərbaycan Respublikasının Prezidentinin  şəxsi təşəbbüsü ilə Azərbaycan Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəsinə yekun vurulub. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən tədbirdə  universitetin rektoru Saleh Məhərrəmov Azərbaycanda və muxtar respublikada uğurla həyata keçirilən gənclər siyasətindən danışıb.

 

Rektor keçirilən bu müsabiqənin yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək olduğunu bildirib. Vurğulanıb ki, göstərilən diqqət və qayğı ancaq dərslərdə, universitetin ictimai, mədəni tədbirlərində qazanılan uğurlu nəticələrlə tamamlana bilər.

 

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Diqqətə çatdırılıb ki, yaradılan şərait, həyata keçirlən məqsədyönlü tədbirlər bizi daha həvəslə, inamla və işimizə daha ciddi, məsuliyyətlə yanaşmağa sövq edir.

 

Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov vurğulayıb ki, həyata keçirilən tədbirlərin əsas məqsədi tələbələri sosial qayğılardan azad edib, təhsilə, elmə daha həvəsləndirməkdir. Bildirilib ki, nəzərdə tutulan maliyyələşmə 2018/2019 və 2019/2020-ci tədris ili üçün müəyyənləşdirilib. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb.  Həmçinin, müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəricilərinin də əsas götürüldüyü diqqətə çatdırılıb. Bu il keçirilmiş müsabiqə zamanı 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib. Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq ki, bunun da 11 faizi Naxçıvan Muxtar Respublikasının payına düşür.

 

Ödənişdən azad edilən tələbər adından çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun Bilogiya ixtisasının tələbəsi Aysu Hətəmova çıxış edərək göstərilən diqqət və qayğıya görə bütün tələbələr adından öz minnətdarlığını ifadə edib.

 

Sonda iki tələbə müqavilə sənədlərinə qol çəkib. 



26.09.2019 | 18:10