Məktəblilər maarifləndiriliblər

Xaçmazlı məktəblilər internet informasiya resurslarının zərərli təsirindən qorunmağın yolları ilə bağlı maarifləndirilib.Təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təhsil ocaqlarında təşkil olunan görüşlərdə yuxarı sinif şagirdləri, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

 

Görüş zamanı internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında danışılıb. Bildirilib ki, qlobal internet şəbəkəsi və texnologiyanın sürətli inkişafını nəzərə alsaq, uşaqların zərərli informasiyalardan qorunması, həmçinin onların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirilməsi ən aktual problemlərindəndir. Hazırda internet istifadəçiləri arasında məktəblilər üstünlük təşkil edir. Qeyd edilib ki, heç də hamı internetdən məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir. Xüsusilə yeniyetmə və məktəblilər zərərli informasiyaların, şiddət təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən çıxış yolu şagirdlərlə maarifləndirici görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.

 

“Rayonda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində ilk görüş Kərim Məhərrəmov adına Xudat şəhər 3 nömrəli tam orta məktəbdə təşkil edilib. Diskussiya və aktiv müzakirələr şəraitində keçən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Maarifləndirici tədbirlərin rayonun digər təhsil ocaqlarında da təşkili nəzərdə tutulub. Həmçinin layihə çərçivəsində “ARB Günəş” telekanalında sosial videoçarx və proqramlar yayımlanacaq.

 

Şakir CƏFƏROV



29.09.2019 | 10:50