ADPU-da təkrar ali təhsil üçün müraciət etmiş namizədlərlə görüş təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təkrar ali təhsil üçün müraciət etmiş namizədlərlə görüş keçirilib. Heydər Əliyev məktəbinin lektoriyasında baş tutan görüşdə 12 ixtisas üzrə sənəd təqdim etmiş 112 nəfər iştirak edib.

 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru,  professor Asəf Zamanov qeyd edib ki, təkrar ali təhsil növü mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədilə həyata keçirilir. Təkrar ali təhsilin məzmunu təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir. Tələbə II tədris ilinə qəbul olunur və lazım gələrsə, alt qruplarda  fənni dinləyərək I tədris ilindəki akademik borcları da ödəməlidir və təhsilin bu növü hazırda  əyani formada həyata keçirilir. 

 

Qeyd edək ki, 2019/2020-ci tədris ili üzrə təkrar ali təhsil üçün “Riyaziyyat müəllimliyi” ixtisasına 19 nəfər, “İnformatika müəllimliyi” ixtisasına 2 nəfər, “Fizika müəllimliyi” ixtisasına 2 nəfər, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 12 nəfər, “Kimya müəllimliyi” ixtisasına 3 nəfər, “Biologiya müəllimliyi”  ixtisasına 1 nəfər, “Tarix müəllimliyi” ixtisasına 10 nəfər, “Coğrafiya müəllimliyi”  ixtisasına  1 nəfər, “İbtidai sinif müəllimliyi”  ixtisasına 40 nəfər, “Məktəbəqədər təhsil”  ixtisasına 8 nəfər, “Təhsildə sosial-psixoloji xidmət”  ixtisasına  13 nəfər, “Korreksiyaedici təlim”  ixtisasına 1 nəfər sənəd təqdim edib. Namizədlər tələb olunan sənədləri 2019-cu ilin aprel-avqust aylarında universitetə təqdim ediblər. Sonra sənədlər Təhsil Nazirliyinə göndərilib və nazirlik tərəfindən namizədlərlə bağlı müvafiq məktub universitetə daxil olub.

 

Hər bir ixtisas üzrə ADPU-nun rektoru, professor Cəfər Cəfərov tərəfindən təsdiq edilmiş mütəxəssislərdən ibarət müsahibə komissiyaları fəaliyyətə başlayacaq. Sonra isə müsbət rəy verilmiş namizədlər universitetin təkrar ali təhsil üzrə tələbələri olacaqlar.

 

Tədbirdə bəzi namizədlər çıxış ediblər, eləcə də onları maraqlandıran suallar adiyyəti şəxslər tərəfindən cavablandırılıb.



27.09.2019 | 18:28