Dövlət İdarəçiliyi Məktəbinin ilk mühazirəsi dinlənilib

Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 2019/2020-ci tədris ilində bakalavriat pilləsinə qəbul olunan birinci kurs tələbələri ilk mühazirəni dinləyiblər.

 

Akademiyanın rektoru Urxan Ələkbərov məlumat verib ki, məktəb ümummilli lider,  Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. Rektor Azərbaycanın indiyə qədər qazandığı uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. Rektor, eyni zamanda, diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın önəmli rolu var.

 

Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inklüziv inkişafı xarakterizə edən göstəricilər müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib.

 

Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.

 

Sonda tələbələrin sualları cavablandırılıb.



03.10.2019 | 17:15