Məktəbəhazırlıqdan başlanan yol

Bakı şəhəri 18 nömrəli tam orta məktəbin həyəti rəngarəngdir. Biri-birindən sevimli balacaların əllərindəki dəstə-dəstə gül-çiçək, rəngbərəng şarlar bir azdan bu məktəbin fəaliyyətə başlayandan bəri növbəti unudulmaz anlara şahid  olacağından  xəbər  verir.  Heç bir ay deyil ki, ilk zəngin möhtəşəm sədaları altında birincilərini qəbul edən təhsil ocağı bu dəfə qapılarını daha kiçik “sakinlər”i üçün açıb.

 

Məktəbəhazırlıq qruplarında təlimlərə başlamaq üçün valideynləri tərəfindən qeydiyyatdan keçirilən və yenicə məktəbə ayaq basan beş yaşlı uşaqlar üçün ətrafda hər şey cəlbedici görünür. Maraqla ətrafı izləyir, baxışları ilə hər hərəkəti təqib edirlər. Bəzilərinin üzündə hansısa bir anın donub qaldığını görmək çətin deyil: ya uzun müddətdir çaşqın-çaşqın baxan bir cüt göz, ya da soyuq bir təbəssüm… Onlar artıq məktəbəhazırlıq yaşına çatan beşyaşlılardır. Bir üzündə sevinc təbəssümü, bir üzündə göz yaşı olan kiçik məktəblilər ağlamaq üçün kiçik bir işarəyə bənddirlər.

 

Sadəcə balacalar deyil, onların valideynləri, müəllimləri də sevinclidirlər. Sıra ilə düzülən balaca məktəblilərin yanında qarşıdakı bir ildə, hətta bir neçə ildə onların əsas bələdçisi olacaq müəllimləri dayanıb.

 

Bir azdan 5 yaşlıların məktəbə ayaq açması təntənəli şəkildə qeyd ediləcək. Körpə məktəblilərin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də qonaqları var. Qurumun Ümumi təhsil sektorunun müdiri Samirə Bektaşi ilə İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov onları təbrik etməyə gəliblər.

 

Məktəbəhazırlıq qruplarında məşğələlər çal-çağırla başladı

 

Azərbaycanın Dövlət himninin əzəmətli sədası əvvəlcə məktəbin həyətinə, sonra binaların arasından süzülərək ətrafa yayılır. Sanki məktəb divarları arasında böyüyən yeni bir nəslin təhsildə ilk addımlarını atdığına dair hamını xəbərdar etməyə çalışır.

 

Himnin bitməsi ilə meydana Təhminə Ağayevanın birinciləri girir. Ötən tədris ilində məktəbəhazırlıq qrupunda təlim keçən builki birincilər təqdim etdikləri rəqs nömrəsi ilə hər kəsi ovsunlayır.

 

Bu, sizin rahatlığınız üçündür

 

Bəşarət Məmmədov təbrik çıxışında məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən danışıb. Bildirib ki, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində yaradılan 970 məktəbəhazırlıq qrupuna 26 minə yaxın uşaq müraciət edib. Həmçinin, məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub.

 

O, məktəbəhazırlıq qruplarında təlimlərin getdikcə bütün beşyaşlıları əhatə etdiyini və uğur qazandığını da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində 90 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə 2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır.

 

O, ölkə üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulunun elektron yolla aparıldığını da xatırladır: “Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə  https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumtəhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə  edir.  Bu da sırf siz valideynlərin rahatlığı üçündür”.

 

Məktəbəhazırlığa gələnlərə məktəbin “təcrübəli” şagirdlərinin təbriki də davam edir. Bu dəfə məktəbin xoru səhnədə yerini alır. Onların da musiqili nömrəsi məktəbi məktəbəhazırlıq qrupunda təlimlərə cəlb ediləcək uşaqlara sevdirməyə, ikisinin bir-birinə tez “qaynayıb-qarışması”na xidmət edir.

 

“Balalarınızın inkişafı, təhsili üçün müəllimlərlə birgə hərəkət edin”

 

Daha sonra Samirə Bektaşi məktəbəhazırlıq qruplarının əhəmiyyətini izah edib. 5 yaşlı uşaqların məktəb təliminə hazırlığının onların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədi daşıdığını bildirib. Bu qruplarda uşaqlara gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

 

S.Bektaşi valideynləri məktəblə sıx əməkdaşlığa dəvət edib: “Əziz valideynlər, balalarınızın inkişafı üçün, təhsili üçün müəllimlərlə birgə hərəkət edin”.

 

18 nömrəli tam orta məktəbində beynəlxalq müsabiqələr laureatı Müzəffərin ifasından sonra valideyn Samirə Kərimova 5 yaşlı uşağını məktəbəhazırlığa qoyarkən keçirdiyi tərəddüdlərdən danışıb: “Banunun məktəbəhazırlıq qrupuna yazdırılması vaxtı çatanda qərar verə bilmirdim. Düşünürdüm ki, axı, necə olacaq? Bu körpə canıyla necə alışacaq məktəbə. Elə ilk aylardan gördüm ki, tərəddüdə də, şübhəyə də yer yoxdur. Banu artıq birinci sinifdə oxuyur və məktəbəhazırlıq qrupunda təhsil həyatına çox uğurlu başlanğıc etdiyini düşünürəm”.

 

Bu yol onların yoludur

 

Beləliklə, bir məktəb yolu. Başında da məktəbəhazırlıq qrupunun beşyaşlıları. Yolu yarılamış məktəbli dostlarının da rəng qatdığı təntənəli mərasimlə onlar da yola düzəlirlər. 18 nömrəli məktəbin qapıları açılır və onlar qrupla siniflərə dəvət edilir.

 

Hər məktəblinin həyatında baş verən həyəcanlı dəqiqələr başlayır. Necə deyərlər, ara qarışır. Bayaqkı səliqə-səhmandan geriyə heç nə qalmır. Sıra ilə sinfə doğru getmək əvəzinə kiçik məktəblilərin gözü valideynlərini axtarır. Atasını qucaqlayıb boynuna sarılana bax, anasından yapışıb ətəyini buraxmayana bax, gözü ağlasa da, ayaqları onu sinfə doğru aparana bax...

 

Nəticədə valideynlər də balalarına qoşulub siniflərə doğru hərəkət edir.

 

Ancaq bütün uşaqlar valideyninin ətəyindən yapışmayıb. Müstəqil hərəkət edən, özünə sinif tapıb oturanlar da var. Çox keçmədən otağını və müəllimini səhv salan balacalar “ifşa” olunur.

 

Rəşidə Osmanovanın sinfindəyik. Əlindəki siyahı üzrə uşaqları bir-bir özünü təqdim etməyi öyrətməyə çalışan müəllimin ilk cəhdi o qədər də uğurlu olmur. Bayaqdan ağlamağa başlayan bir şagirdinin gözünün yaşı hələ də dayanmayıb. 

 

Rəşidə Osmanova qrupundakı şagirdlərin adını siyahı üzrə çağırmağa başlayır: İbrahim, Səid, Zeynəb, Əbdül, Məryəm, Yusif, Murad, Elmina, Ləman, Əli, Hikmət... Bəziləri sinifdə olsa da, çağırılan adın onun olduğunun fərqində deyil, bəziləri isə ad onun olmasa da, səs verərək müəllimini çaşdırır:

 

- Axı sənin adın Yusif deyil...

- Yalandan dedim...

- Yalan danışmaq olmaz axı...

-...

Bu arada bir valideyn həyəcanla sinfə daxil olur. Bayaqdan bütün qruplarda Etibarı axtarıb. Rəşidə müəllimin sinfində özünə yer tapıb oturan Etibar isə səsini çıxarmır. Nəhayət, onun burda olduğu aşkarlanır. Valideyninin həyəcandan gözləri böyümüş halı balaca məktəblinin vecinə də deyil.  Sakitcə oturub qulaq asır.

 

Rəşidə müəllim onları həvəsləndirməyə çalışır. Onlarla cizgi filminə baxacaqlarını, saymağı öyrənəcəklərini deyir. Uşaqlardan biri “Mən 100-ə qədər saya bilirəm, o birisi “Mən də saya bilirəm”,  deyə müəllimə reaksiya verir. Bildiyi şeiri deməyə tələsənlər də var. Ağlayanlara fikir verməyib müəllimlə söhbət etməyə, onun dediklərinə uyğun davranmağa çalışan çox fəal şagird olacağını ilk gündən hiss etdirən Hikmət hamıya rəğmən önə çıxıb şeir deyir. 

 

Beşyaşlılardan da “balaca” valideynləri

 

Valideynlərə gəlincə, məktəblə valideynlərin ən sıx əməkdaşlıq günü yəqin ki, məhz bu gündür. Müəllimi görməyə, sinfə girməyə, dərsi dinləməyə uşaqlarından çox onlar maraq göstərir.

 

Məktəbəhazırlıq qrupunda məşğələlərin ilk günündən valideynlərin həyəcanı, sevinci, marağı hiss olunur. Bu hisslər onları nələrə əl atmağa vadar edir, bilirsinizmi? Uşaqları ilə bərabər məşğələlərə qatılmaq istəyir, qapını üzlərinə bağlayanda sinfin pəncərəsindən boylanır, hər şeyi görmək üçün dərsi pozmaqdan da çəkinmirlər. Pəncərədən boylanan valideynlər olduqları yerdən uşaqlarına, necə deyərlər, “him-cim” eləyirlər:

 

- Zeynəb, dur sən də şeirini de!

- Yusif, niyə oturmusan, dur say!

 

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir

 

Beləliklə, 18 nömrəli tam orta məktəbdə 112 uşaq 4 qrupda məktəbəhazırlıq məşğələlərinə başlayıb. Ellada Salamova, Mehriban Qocayeva, Rəşidə Osmanova tədris Azərbaycan dilində olan 3 qrupda 82 balacaya, İlhamə Ələkbərova isə tədrisi rus dilində aparılan 30 nəfərdən təşkil edilən bir qrupa ilk təhsil pilləsində bələdçilik edəcəklər.

 

Müraciətlərin hələ davam etdiyini nəzərə alsaq, qrupların sayının artacağı gözlənilir.

 

Ruhiyyə DAŞSALAHLI



04.10.2019 | 09:01