Kənd məktəbinin gənc direktoru

Şəmkir rayonunun Sabirkənd kənd İ.Rüstəmov adına tam orta məktəbindəyik. 6 ildir tikilib istifadəyə verilən müasir kənd məktəbində 1066 şagird təhsil alır. Onlardan 136-sı birinci sinif şagirdidir. Əlavə olaraq, məktəbin 124 nəfər beşyaşlılardan ibarət məktəbəhazırlıq qrupu da var. Onlar da bu həftə ilk dəfə olaraq məktəbə qədəm basdılar.

 

Bir kənd üçün kifayət qədər böyük məktəbdir, elə deyilmi?

 

Sadəcə böyük də deyil, həm də müasir, işıqlı, hər cür şəraiti olan bu kənd məktəbinə artıq yeni direktor rəhbərlik edir. Yeni deyəndə ki, direktorun adı da, üzü də kəndin uşağından böyüyünə hamıya tanışdır. Artıq ötən tədris ilinin ilk aylarından başlayaraq, direktor kimi onu sınaqdan çıxarıblar. 2018-ci ilin noyabrından vəzifə səlahiyyətlərinin icrasına başlayan direktor artıq 16 ildən çoxdur ki, elə bu məktəbin müəllimidir. Söhbət məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Rüstəmovadan gedir.

 

Kəndlə Gülnar müəllimin tanışlığı bu 16 illə də məhdudlaşmır, ta doğulduğu günə qədər gedib çıxır. Necə deyərlər, əllərində böyütdükləri qız indi kənddə onların uşaqlarına danışdıqları dilin qaydalarını, söz sənətini, şeir nümunələrini, ədəbiyyat incilərini öyrədir, onları sadəcə növbəti təhsil pilləsinə yox, birbaş həyata hazırlayır. Bu illər ərzində hamının uşağını Azərbaycan dilini öyrənməyə, ədəbiyyat oxumağa həvəsləndirən Gülnar müəllim indi görün direktor kimi nələr edəcək?!

 

Ömrü qısa olan tələbəlik...

 

Gülnar Rüstəmova müəllimliyə başlayanda hələ ikinci kursda oxuyurmuş. Sabirkənd kənd İ.Rüstəmov adına tam orta məktəbini yaxşı qiymətlərlə bitirəndən sonra Gəncə Dövlət Universitetinə qəbul olunub. Universitetdə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə qiyabi təhsil almağa başlayıb: “Ailəm kasıb idi. Məni oxutdurmağa maddi gücü yox idi. Ona görə də qiyabi ali təhsil almağa qərar vermişdim. Seçimimi də ona uyğun etdim”.

 

İlk önəmli seçimi uğurlu olub. Tələbə adını qazanıb və istəyinə uyğun olaraq da təhsilinə qiyabi davam edib. Həmin illərdə Sabirkənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi çatışmazlığı vardı. Gəncə Dövlət Universitetinin eyni ixtisas üzrə ikinci kurs tələbəsi də yaşadığı, böyüdüyü kəndin müəllim ehtiyacını bilirdi. Gənc namizədin müraciətinə rayon təhsil şöbəsində isti yanaşırlar. Məktəbin də öz şagirdini tanıması, məzununun potensialına bələd olması müsbət nəticəsini verir: “O vaxt tələbə yoldaşlarım da işləyirdilər. Qrupda həm oxuyub, həm işləyən sadəcə mən deyildim”.

 

...nüfuz gətirən müəllimlik

 

O gündən bu günə kənd müəllimi Gülnar hər gün sinfə girir, bildiklərini öyrədir. Şagirdlərinin içərisində onun fənninə maraq göstərənlərin sayı isə getdikcə artır: “Uşaqların hamısını dil-ədəbiyyatçı etmişdim. Dərs saatında da, dərsdən sonra da şagirdləri hazırlayır, müəllim kimi nəticələrimi yaxşılaşdırmaq üçün hər fürsəti dəyərləndirirdim”.

 

Nəticə isə ondan ibarətdir ki, indi bütün universitetlərdə onun yetirmələri var. Gənc olmasına baxmayaraq, hərbçi, polis, həkim kimi fəaliyyət göstərən yetirmələrindən ibarət böyük bir siyahısı əmələ gəlib. Həmin siyahıda müəllimlərin də sayı az deyil: “Müəllim olanlar da çoxdur. Şagirdlərimdən biri hazırda məktəbimizdə ibtidai sinif müəllimliyi edir. Ancaq bilirsiniz, indi müəllimlərin işə qəbulu imtahan yolu ilə həyata keçirilir  və kəndin uşaqları işini rayonumuzun ayrı-ayrı kəndlərində, hətta ölkəmizin ayrı-ayrı rayonlarında ləyaqətlə görürlər. Ümumiyyətlə, təhsil almaq məqsədi ilə kənddən çıxan uşaqlar sonradan geri qayıtmırlar. Həyatlarını başqa şəhərlərdə, kəndlərdə davam etdirirlər”.

 

Gülnar  Rüstəmovanın  müəllim  kimi  fəallığı, bütün işlərini məsuliyyətlə, vaxtında görməyi diqqəti cəlb edib. Nümunəvi dərsləri ilə rayonda ad-san qazanmağa başlayıb. Əvvəlcə məktəbdə fənn birləşməsinə rəhbərlik etməyi ona tapşırıblar. 6 il bu vəzifəsinin də öhdəsindən qüsursuz gəlib. Dövlət İmtahan Mərkəzi ilə marker-müəllim kimi əməkdaşlıq edib. 

 

...və direktorluğa namizədlik

 

Və bir gün Sabirkənd kənd İ.Rüstəmov adına tam orta məktəbin direktoru səhhəti ilə əlaqədar vəzifəsindən getməyə qərar verəndə yeni namizəd axtarışı başlayıb. Məktəbə yoxlama gəlib. Sənədləri və işləri yerli-yerində olan Gülnar müəllimin adı direktorluğa namizədlərin siyahısına düşüb: “Məndən başqa da nümunəvi müəllimlərimiz vardı. Direktorluğa bir neçə nəfərin namizədliyi üzərində dayandılar və bizə imtahana getməyi tövsiyə etdilər. Ancaq məktəbimizdən yalnız mən direktorların işə qəbulu imtahanında iştirak etdim”.

 

Ötən ilin noyabr ayından direktoru əvəz edən gənc müəllim artıq rəhbəri olduğu məktəbin hər bir uğuru ilə öyünür. Dediyinə görə, ötən dərs ilində məktəbin 36 məzunu olub. Onların 18 nəfəri ali, 7 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. 14 nəfərdən ibarət məktəb komandası “Şahin” hərbi-idman oyununda sadəcə kənd məktəbini yox, qərb zonasını  təmsil edib. 4 məktəbli qız və 10 oğlandan ibarət komanda atıcılıq, qaçış üzrə yarışlarda birincilik qazanıb: “Məktəblilərimiz həm kollektiv idman oyunlarında, həm də fərdi idman növlərində fəaldırlar. Çoxu məktəbdən sonra vaxtını düzgün dəyərləndirir, idmana, yaradıcılıq fəaliyyətinə və ya ayrı-ayrı fənlər üzrə hazırlığa gedirlər. Şagirdlərimiz olimpiadalara, bilik yarışlarına qatılır, hətta yer tutmasalar belə, fəal iştirakçıya çevrilirlər”.

 

“Hədəfimiz əlaqələri gücləndirməkdir”

 

Bu il oktyabrın 13-dən artıq rəsmən Sabirkənd kənd İ.Rüstəmov adına tam orta məktəbin direktoru Gülnar Rüstəmova 83 nəfərlik müəlim kollektivi ilə birlikdə yeni bir yola çıxıb. Məqsədləri də birdir: ədalətli, dünyagörüşlü, sevgi dolu, bacarıqlı, vətənpərvər insan yetişdirmək. Bu yolda hər kəs öz üzərinə düşəni bilir: “Kollektivimiz öz işini bilən, məsuliyyətli bir komandadır. Direktorun kim olmağından asılı olmayaraq, hər kəs üzərinə düşən işi layiqincə yerinə yetirir. İndiyə qədərki uğurlarımız kimi, bundan sonra əldə etdiyimiz nailiyyətlər bir məktəb direktoru kimi mənim yox, bütün kollektivin uğuru olacaq”.

 

Kollektiv olaraq bu tədris ilindən başlayaraq bir yeniliyə də imza atıblar. Müəllimlər də məktəbin şagirdləri kimi vahid geyimdədir. Gənc direktor deyir ki, qərar rayon təhsil şöbəsində verilsə də, ilk qoşulanlardan biri olublar: “Həm sürətlə, həm də mütəşəkkil qaydada çağırışa qoşulduq”.

 

Əsas planı isə valideynlərlə məktəbin əlaqələrini gücləndirməkdir: “Hazırda ən ciddi problemimiz valideynlərin məktəblə əlaqəsinin zəif olmasıdır. Bu, kənd məktəblərinin böyük əksəriyyətinin problemlərindən biridir. Bu zəifliyi aradan qaldırmağa çalışıram. Onları hər fürsətdə məktəbə dəvət edirik. Əsas hədəfimiz bu əlaqələri gücləndirməkdir”.

 

Ruhiyyə DAŞSALAHLI



04.10.2019 | 11:34