“Magistrlərə ingilis dilində dərs deyirəm”

Hər bir ölkənin inkişafı onun dünyada rəqabət qabiliyyətliliyini müəyyən edən insan potensialının hərtərəfli hazırlığından, intellektual səviyyəsindən asılıdır.  Bu mənada ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Məhz bu proqram ölkəmizdə yenilikçi, müasir düşüncəli, yüksək hazırlıqlı milli mütəxəssislərin yetişməsində mühüm rol oynamışdır. Proqramın ilk məzunları artıq cəmiyyət həyatının müxtəlif sahələrində çalışmaqla Azərbaycanın inkişafında öz töhfələrini verməkdədir. “Dövlət Proqramı məzunları” rubrikasında növbəti müsahibimiz hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində mətbuat katibi vəzifəsində çalışan Səmayə Məmmədovadır.  Onunla iş yerində görüşüb söhbətləşirik.

 

- Səmayə xanım orta məktəbdə necə oxuyub?

- Məktəb dövründə həmişə humanitar fənlərə daha çox meyilli olmuşam, rus dili üzrə müsabiqə, inşa, şeir yarışlarında iştirak edərək məktəbimizi çox yaxşı təmsil etmişəm. Bir neçə sahədə məktəbin  fəxri olmuşam. Azərbaycan dilində keçirilən Məhəmməd Füzulinin yaradıcılığına, Əlağa Vahidə həsr olunmuş  şeir müsabiqələrində iştirak edərək fərqlənmişəm. Bu günə qədər də  məktəbdə keçirilən şeir müsabiqələrinin ab-havasını yaxşı xatırlayıram.   Bu müsabiqələrdə  fəal iştirakım məktəb rəhbərliyi və yarışın gedişini izləyən Təhsil Nazirliyinin əməkdaşlarının diqqətindən yayınmayıb.  Azərbaycan, rus,  ingilis dillərinə həsr olunmuş müsabiqələr məndə yaxşı nəticələr verib.  Riyazi fənlərdə isə həmişə zəif olmuşam.    Nə qədər cəhdlər etsəm də,  bu sahələrdə  məndə irəliləyiş olmayıb.  Müəllimlərim də mənə humanitar fənlərdəki  aktivliyimə, məktəbin adını dəfələrlə müsabiqələrdə tanıtdığıma görə riyazi fənlərdə bir az güzəştə gedirdilər. Musiqi sahəsində çox yaxşı pianoçu olmuşam. 34 nömrəli musiqi məktəbini bitirmişəm. Musiqi məktəbində oxuduğum zaman da etüd müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülmüşdüm. Həmin gün çox böyük sevinclə musiqi məktəbinə qayıtmışdım. 

 

Atam məni diplomat görmək istəyirdi

 

- Jurnalistikaya meyliniz necə yaranıb?

-Mən deməzdim ki, jurnalistikaya çox meyilli olmuşam. Mən daha çox musiqiyə,  ədəbiyyata meyilli olmuşam, daha çox pianoçu  olmaq istəyirdim. Sadəcə olaraq bir az valideynlərimin, qohum-əqrəbanın müdaxiləsi oldu. Belə qərara gəldim ki, musiqi sahəsinə yox, başqa sahəyə gedim.  Atam məni diplomat görmək istəyirdi.  Ancaq mən özümü o sahədə  görmürdüm. Mən qərara gəldim ki, sənədlərimi Xarici Dillər Universitetinin tərcüməçilik fakültəsinə verim, lakin ora balım çatmadı,  Bakı Slavyan Universitetinin  filologiya  fakültəsinə qəbul oldum.  BSU-da təhsil aldığım müddətdə “Space” televiziyasında aparıcılıqla bağlı müsabiqə elanı gördüm və heç kimə demədən  müsabiqəyə qatıldım. 3 ay  sınaq müddətini bitirdim və məni televiziyaya işə götürdülər.  Evdəkilərə dedim ki, artıq sizin qızınız televiziyada işləyir.  Ali məktəbə qəbul olduğum ildən 2004-cü ilə qədər  “Space”də işlədim.  “Space”də, bunu çox qürurla deyə bilərəm ki, çox gözəl bir məktəb keçmişəm.  O dönəmdə  peşəkar insanlar “Space”yə gəldilər. Bəxtim onda gətirdi ki, mənə çox yaxşı bir müəllim düşdü.  Davud Nadirlə işlədim, o, publisistik proqramlar departamentinin direktoru idi. Məni ilk dəfə işə o götürdü.   Digər tərəfdən bəxtim onda gətirdi ki,  mənim müəllimim, Allah rəhmət eləsin ona, Rafiq Hüseynov oldu.  Deyə bilərəm ki, mən çox yaxşı məktəb keçmişəm ki,  onun bəhrəsini bu gün də görürəm.

 

4 xarici universitetdən müsbət cavab gəldi

 

- Bəs, xaricdə təhsilə necə qərar verdiniz?

- Mən Gənclər və İdman Nazirliyindən öncə Səhiyyə Nazirliyində mətbuat xidmətinin  rəhbəri vəzifəsində çalışırdım. 2005-2007-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının, eyni zamanda, ABŞ Dövlət Departamentinin xətti ilə müxtəlif ölkələrdən səhiyyə sahəsində mediada çalışan insanlara Con Hopkins Universitetində biraylıq treninq oldu.  Mən  orta məktəbi 1994-cü ildə bitirmişdim.  Oranın təhsil sistemi ilə tanış olanda... Yəni,  təsəvvür edin, sovet məktəbini bitirib birdən-birə  ABŞ təhsil sisteminə düşürsən. Mənim üçün yeni,  fərqli, hardasa çətin, lakin çox maraqlı idi. Çünki daha çox praktika üzərində qurulmuş bir təhsil sistemi idi.  Və mən qərara gəldim ki,  oradan qayıdandan sonra sənədlərimi verim, xaricdə təhsil alım. Bir neçə dəfə sənədlərimi toplayıb xarici ölkə universitetlərinə göndərdim.

Müəyyən problemlər yarandığından  ilk vaxtlarda xaricdə təhsil almaq cəhdim baş tutmadı. Mən bilirdim ki,  öz hesabıma xaricdə təhsil almağa bir o qədər də imkanım yoxdur,  ancaq bu arzu da məndən əl çəkmirdi. Hər dəfə hansısa problem çıxırdı - gah İELTS imtahanı verə bilmirdim,  gah imtahanları verirdim, xarici universitetlərdən neqativ gəlirdi.  Artıq evdə də mənə deyirdilər ki,  mümkün deyil,  ancaq hardasa ümid edirdim.  Bilirdim ki, alınacaq.  Nəhayət,  düz 7 ildən sonra,  həm İELTS imtahanını verdim,  həm də xarici universitetlərdən,  hətta 4-dən müsbət cavablar gəldi.

İndi qalmışdı məsələnin maliyyə tərəfini həll etmək. Mən nazirə yaxınlaşaraq xarici universitetə qəbul olunduğumu dedim.   İndi qaldı Dövlət Proqramı ilə xaricə getmək.  Doğrudan da sağ olsunlar, dəstəklədilər. Mən dövlətimə çox minnətdaram. Mən sahəm üzrə elə bir universitet seçdim ki, orada media-kommunikasiya və PR bir yerdə olsun.  Və Nyukasl Universitetindən mənə müsbət cavab gəldi. Nyukasl İngiltərənin media-piar və kommunikasiyalar sahəsi üzrə çox yaxşı universitetidir.  Həm də ümumilikdə oranı  bitirən tələbələrin çalışdıqları sahələrdə özlərini realizə baxımından da çox yaxşı bir universitetdir.  Mən də Nyukasl Universitetini seçdim, Dövlət Proqramı xətti ilə Böyük Britaniyaya göndərildim. 

 

Dekan dedi ki, sənə görə narahatam

 

- Xaricdə təhsil ümidlərinizi doğrultdumu? İstədiyinizi əldə edə bildinizmi?

- Mən tam səmimi deyim, ora gedəndə məni dekan çağırdı və dedi ki, sənə görə narahatam. Dedim nəyə görə? Dedi, sənin sənədlərin mənə gələndə baxdım ki,  universiteti çox-çox illər əvvəl bitirmisən. Yəni bu, özü bir riskdir, 10 il əvvəl universitet bitirmisən, sovet sistemi ilə təhsil almısan. İndi İngiltərəyə gəlmisən, bu ölkənin təhsil sistemi tamamilə fərqlidir.  Dekan  üzləşəcəyim hər bir çətin məqamlarda mənə kömək edəcəyini vəd etdi. Doğrudan da  mənə ilkin mərhələdə çox çətin oldu, amma sonra yavaş-yavaş artıq  hər şey yoluna qoyuldu. Mənim son dissertasiya işim böhran  menecment idi,  mənə çox maraqlı idi.  Böyük bir qurumun böhranla üzləşdiyi bir zamanda, o qurumu mətbuat xidməti necə xilas etməlidir? Dissertasiya işindən çox yaxşı bir qiymət aldım və bu sahəni artıq bir başqa tərəfdən sevdim. Oradan qayıdandan sonra  bəxtim onda gətirdi ki,  Bakıda ilk Avropa Oyunları start götürdü,  böyük  bir işçi qrupu yaradıldı. Çox sevinirəm ki, orada öyrəndiklərimin mənə çox köməyi oldu. Artıq mənim Avropa Oyunlarında birlikdə işlədiyim insanlar ingilislər idi.  Biz oturub ingilislərlə danışanda onlar dedilər ki,  “Sən biz tərəflərdən gəlməmisən ki?”.  Onlar deyirdilər ki, sənin yanaşman bizim yanaşmadır.

 

- Gənclərə nə demək istərdiniz?

- Mən həqiqətən xaricdə təhsil almış şəxs kimi onlara  bir tövsiyəm var. Oxumaq istədikləri sahəni  nə qədər yaxşı bilirlər, bunu özləri  müəyyən etsinlər. Əgər sən həqiqətən bu sahədə özünü görürsənsə, bu sahə ilə bağlı gələcək planların varsa,  get onu oxu, o sahəni genişləndir, məqsədyönlü şəkildə, sadəcə kor-koranə şəkildə yox. Çətin ola bilər,  alınmaya da bilər, imtahandan kəsilə də bilərsən. Dissertasiyadan çox aşağı qiymət də ala bilərsən, hər şey ola bilər.  Əsas  odur ki, sən nə öyrəndin və  hər dəfə öyrəndikcə, öz-özünə düşün: sən  bunu özün necə realizə edərdin. Bax,  mən bu cür olmuşam.

 

- İngiltərədə aldığınız təcrübədən işinizdə yararlana bilirsinizmi?

- Mən həm də Bədən Tərbiyəsi və İdman Akademiyasında  magistrlərə ingilis dilində dərs deyirəm. Son dönəmlərdə müxtəlif universitetlərdə jurnalistikaya,  mediaya,  piara marağı olan tələbələrlə onların istəklərinə uyğun görüşlərim olur.  Sonuncu dəfə, məsələn, Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüm oldu.  Tam səmimi deyim ki,  o qədər tələbənin görüşə gələcəyini gözləmirdim.  Bundan əlavə,  təbii ki,  böyük  layihələrdə iştirakı da qeyd etmək istəyirəm.

 

Mənim üçün əsas məqsəd odur ki,  xaricdə  öyrəndiyimi bizim mühitə   adaptasiya edərək realizə edim. Elə məqamlar var ki, istər piar olsun, istərsə  media - ingilis jurnalistikası ilə eyni deyil. İngilislərin öz yanaşması, azərbaycanlıların öz yanaşması var. Yəni, o yanaşmaların ortaq məxrəcini  tapmaq lazımdır ki, nə mürəkkəb olsun, nə də öz əhəmiyyətini itirsin.

 

- Təhsilə dövlət qayğısı barədə nə deyə bilərsiniz?

-  Mən dövlətin qayğısını görmüş bir gəncəm. Dövlətimin  qayğısı sayəsində xaricdə təhsil alıb vətənə qayıtmışam.  Bu gün isə vətənimə qulluq edən bir insanam. Buna görə dövlətimə  çox minnətdaram, çox sevinirəm.

 

Oruc MUSTAFAYEV



04.10.2019 | 15:23