Rektor ictimai təşkilatların fəalları ilə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova yeni tədris ilinin başlanması münasibətilə universitetin  ictimai təşkilatlarının nümayəndələri və fəal tələbələrlə görüşüb.

        

Rektor bildirib ki, qarşıya qoyulan hədəflərin reallaşdırılmasında fəal tələbələr universitetin idarə olunmasına cəlb edilməli, onların səmərəli təklifləri dinlənilməli,  problemlərin həlli üçün faydalı  fikir mübadiləsi aparılmalıdır.   

        

Universitet rəhbərliyinin fəal tələbələrlə görüşünün artıq ənənə halını aldığını deyən Gülçöhrə Məmmədova ölkəmizdə həyata keçirilən sosial islahatlara, ölkə başçısının təhsil sahəsində gördüyü işlərə, dövlətin gənclər siyasətinə də toxunub. O, ölkənin inkişafını gözü götürməyən qüvvələrin Azərbaycanda sabitliyi, asayişi pozmaq, bu çirkin əməlləri həyata keçirmək üçün gənclərdən istifadə etmək cəhdlərindən də danışıb: “Həm daxildə, həm də xaricdə olan düşmən qüvvələr sosial şəbəkələrdə qarayaxma kampaniyası aparır, həqiqətdən uzaq, yalan-böhtan yayır, ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Onlar bizim düşmənlərimizdirlər, bu xalqı, dövləti, dövlətçiliyimizi istəməyən xainlərdir”. Rektor gəncləri belə qüvvələrin toruna düşməməyə, yaydıqları yalanlara inanmamağa, Azərbaycan prezidentinin ətrafında bir yumruq kimi birləşməyə çağırıb.

 

Görüşün sonunda tələbələr rastlaşdıqları problemləri, arzu və təkliflərini səsləndiriblər. Gülçöhrə Məmmədova  problemlərin yerindəcə həll edilməsinə dair göstərişlər verib.      



04.10.2019 | 18:29