Üç tələbənin təhsil xərclərinə kömək

Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbəsi Aysel Məmmədova, Tərcümə fakültəsinin “Azərbaycan-rus dilləri tərcüməsi” ixtisasının tələbələri Ülkər Ağayeva və Səbinə Qədirovanın təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması barədə qərar qəbul edilib. Qeyd edək ki, bu, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi çərçivəsində həll olunub.

 

Müsabiqənin qalibləri bildiriblər ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, yüksək intellekt səviyyəsinə, sağlam və müasir düşüncəyə malik, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gəncliyin yetişdirilməsi, eləcə də sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.

 

Tələbə-gənclər təhsilin inkişafına və gənclərə göstərilən hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin, göstərilən xüsusi diqqət və qayğıya görə Təhsil naziri Ceyhun Bayramova və BSU-nun rektoru Nurlana Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



07.10.2019 | 14:35