Alimlərin işi bəyənilib

Bakı Dövlət Universitetində Kimya fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının  aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru Kamran Mahmudov və “Üzvi kimya” kafedrası nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzun müddətli ezamiyyəti müddətində yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Ümumuniversitet elmi seminarı keçirilib.

            

Seminarda Kamran Mahmudovun “Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun isə “Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib.

            

Ataş Qurbanov ezamiyyət dövründə qarşıya qoyulan əsas məqsədin üzvü və koordinasion birləşmələrin katalitik, bioloji, fotokimyəvi və s. xəssələrini artırmaq ücün həmin molekulları qeyri-kovalent rabitə donor və ya akseptor saytlarla dizayn etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Məlum olub ki, dünyada bu elmi istiqamət aktual hesab olunur və kristal mühəndisliyi adı ilə tanınır. Ezamiyyət müddətində məruzəçi tərəfindən Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda  2 icmal, 1 kitab fəsli, 36 məqalə və 19 tezis nəşr olunub.

 

Məruzələr dinlənildikdən sonra alınan mühüm elmi nəticələr geniş şəkildə müzakirə olunub, mövzu ətrafında çıxışlara yer verilib, fikir və təkliflər dinlənilib.

 

Daha sonra ezamiyyət dövründə Kamran Mahmudov və Ataş Qurbanov tərəfindən görülmüş işlər bəyənilib, alınan mühüm elmi nəticələrin BDU-nun illik hesabatına daxil edilməsi üçün Elmi Şura qarşısında təklif irəli sürülməsi  qərara alınıb.

 

 



07.10.2019 | 16:40