Azərbaycan və Bolqarıstan tarixçiləri bir arada

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Şumen Universitetində olub.

 

Tarixçilərimiz Şumen Universitetinin rektoru, professor Habil Georgi Kolev ilə görüşub və geniş   fikir mübadiləsi aparıblar.

 

Georgi Kolev bildirib ki, Şumen Universiteti Tarix İnstitutu ilə geniş əlaqələr qurmaq niyyətindədir.

 

Yaqub Mahmudov Tarix İnstitutu nümayəndə heyətinin Bolqarıstanın Yambol şəhərində keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” adlı beynəlxalq konfransda iştirak etməsindən danışaraq deyib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Biz iki qardaş xalqın - Azərbaycan və bulqar xalqlarının ortaq tarixi keçmişi və Bulqar türk dövləti haqqında birgə tədqiqatlar aparmaq arzusundayıq. Alimlərimiz arasında qarşılıqlı elmi mübadilənin olmasını, magistrantlarımız və gənc tədqiqatçılarımızın bir-biri ilə sıx əlaqələr qurmasını istəyirik”.

 

Görüşdə tarixçi alimlər Azərbaycan və Bolqarıstan xalqlarının etnogenetik kökləri baradə ətraflı məlimat veriblər.

 

Sonda Şumen Universitetinin rektoruna Qarabağın, İrəvan xanlığının tarixinə və erməni vandallarının məhv etdikləri tarixi abidələrimizə həsr olunan əsərlər təqdim olunub.

 

Xatırladaq ki, bundan əvvəl Şumen Universitetinin professoru Biser Georgiyev Tarix İnstitutunda olub və görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə edilib. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması da qərara alınıb.



08.10.2019 | 17:11