AzTU Yıldız Texniki Universiteti ilə əməkdaşlığa başladı

Türkiyənin “Top universitetlər” siyahısında ilk beşliyə düşən Yıldız Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti kadr hazırlığı sahəsində səylərini birləşdirəcək. Əldə olunan ortaq qərara görə, bundan sonrakı mərhələdə elmi-texniki tədqiqatlar qarşılıqlı müzakirə, hər bir yenilik birgə sınaqdan çıxarılıb tətbiq  ediləcək. Sənayenin texniki idarəetmə, həmçinin təşkili üzrə yüksək ixtisaslı mühəndis kadr hazırlayan və bunu, demək olar ki, eyni istiqamətdə həyata keçirən universitetlər tələbə-müəllim mübadiləsi aparacaq, resurslardan, xüsusilə maddi-texniki bazadan ortaq istifadə edəcək, birgə konfranslar, seminarlar keçirəcəklər.

 

Bütün bunlar Azərbaycan Texniki Universiteti ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən gerçəkləşəcək.

 

AzTU nə qazanacaq?

 

AzTU Türkiyənin artıq 19 universiteti ilə əməkdaşlıq edir. Universitetdə “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsi uğurla həyata keçirilir. Bu son müqavilə isə azərbaycanlı tələbələrin dünyanın qabaqcıl müəssisələrinin tələblərinə cavab verən kadrlar kimi yetişməsinə böyük təkan verəcək. Müqavilə çərçivəsində AzTU-nun həm tələbələri,  həm də gənc müəllimləri Yıldız Texniki Universitetinin texnoparkında proqram təminatı, informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, elektronika, maşın və avadanlıq istehsalı, enerji, müdafiə sənayesi, ticarət, nəqliyyat və digər sahələrdə tədqiqat aparmaq imkanı qazanacaq. Onların öz texniki startaplarını bu texnoparkın inkubatorlarında biznesə çevirmələri üçün şəraiti olacağına ümidləri çox böyükdür.

 

Azərbaycan Texniki Universiteti ilə Yıldız Texniki Universiteti arasında əldə edilən razılaşmanın şərtləri AzTU-nun üzünə hətta dünyanın qapılarını aça bilər. Belə ki, Yıldız Texniki Universitetinin beynəlxalq əlaqələrindən yararlanaraq dünyanın nüfuzlu universitetləri ilə üçlü və ikili əlaqələrin qurulması da gözləniləndir. İki universitet arasında yenicə imzalanan razılaşmada gələcəkdə ikili diplomların verilməsi məsələsi də əksini tapıb.

 

Yıldız Texniki Universiteti nə əldə edəcək?

 

Azərbaycan Texniki Universitetinin bu müqavilədən gözləntiləri olduqca yüksəkdir. Müqavilədən görünən odur ki, bu əməkdaşlıq Azərbaycan ali təhsil müəssisəsinin inkişafına öz töhfəsini verəcək. Bəs, Türkiyədə və dünyada kifayət qədər yüksək reytinqə və texniki ali təhsil sahəsində böyük maddi-texniki bazaya sahib olan Yıldız Texniki Universiteti bu əməkdaşlıqdan nə əldə edəcək?

 

Məlumat üçün qeyd edək ki, əsasən mühəndis hazırlayan 11 fakültədə 36 min tələbənin təhsil aldığı Yıldız Texnik Universiteti, sadəcə texniki bazasına görə AzTU-dan dəfələrlə irəlidədir. Tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinə şərait yaradan həmin texnopark 370 firmaya və 7000-dən çox kadr potensialına malikdir. AzTU-da bu yüksək səviyyəli Türkiyə universitetini cəlb edən bir amil var. Belə ki, Azərbaycan Texniki Universitetinin professorlarının kosmik sənaye və metallurgiya sahəsindəki araşdırmaları, tədqiqatları türkiyəli həmkarlarını daha çox maraqlandırır. Hər iki universitetin alimlərinin xüsusilə müvafiq sahədə yaxından əməkdaşlığı və bu əməkdaşlıqdan böyük nəticə əldə edilməsi istiqamətində geniş imkanlar açılır.

 

Qeyd edək ki,  AzTU ilə Yıldız Texniki Universiteti arasındakı əməkdaşlığın effektivliyini artırmaq üçün hər iki universitetdə koordinatorlar fəaliyyət göstərəcək. 

 

Rektorlar ümidlidir

 

Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudovun fikrincə, hər iki universitet bu əməkdaşlıqdan böyük fayda əldə edəcək: “SSRİ dövründə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə universitetimizin maddi-texniki bazası gücləndirilib, özünün şəxsən iştirakı ilə laboratoriyalar istifadəyə verilib. Sonrakı dövrlərdə, müstəqillik illərində inkişaf tempi daha da sürətlənib. Təbii ki, bu prosesdə qardaş Türkiyə ilə olan əlaqələrin də payı var. Hazırda AzTU Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq edir. “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsini uğurla həyata keçiririk. İki ölkənin qardaşlıq əlaqələri elmi biliklərin qarşılıqlı mənimsənilməsinə və tətbiqinə şərait yaradıb. İndi bizim ölkədə, hətta Azərbaycan Texniki Universitetində Türkiyə universitetlərinin məzunu olmuş xeyli mütəxəssis çalışır. Məlumatıma görə, Yıldız Texniki Universitetinin professor-müəllim heyətində də azərbaycanlı alimlər var. Bütün bunlar sevindirici haldır və ölkələrimiz arasında getdikcə inkişaf edən siyasi, iqtisadi, elmi və mədəni əlaqələr universitetlərimiz arasında qurulan əlaqələri daha da gücləndirəcək”. 

 

Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin iki universitet arasında münasibətlər qurulmasından razıdır: “Yıldız Texniki Universiteti Türkiyənin “Top universitetlər” siyahısında ilk beşliyə düşən bir universitet olaraq Azərbaycanın texniki ali təhsil sahəsində flaqman universiteti - Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıqdan gözləntiləri olduqca böyükdür. Bizim tədqiqatçılarımız Azərbaycan Texniki Universitetinin professorlarının kosmik sənaye və metallurgiya sahəsindəki araşdırmaları, tədqiqatları ilə maraqlanır. İki universitetin müvafiq elm adamlarının xüsusi ilə bu sahədə yaxından əməkdaşlıq edəcəyini, bu sahədə sizin alimlərin topladığı bilikləri bizimlə bölüşəcəyini arzu edirik. Təbii ki, əməkdaşlığımız bununla bitməyəcək.  Bizim universitetlərimizdə kadr hazırlığı, demək olar ki, eyni istiqamətlərdə həyata keçirilir. Hər iki universitetdə yüksək ixtisaslı mühəndis kadrlar hazırlanır. Bu kadrların hazırlanması ilə bağlı səylərimizi birləşdirməliyik”.

 

 

Ruhiyyə DAŞSALAHLI



27.04.2018 | 11:15