Erməni yalanlarına tarixçilərin cavabı

Akademik Yaqub Mahmudov başda olmaqla, bir qrup tarixçi   Bolqarıstanda keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” mövzusundakı beynəlxalq konfransda iştirak edib.

 

Konfransda iştirakın məqsədi  erməni millətçilərinin və Qriqoriyan kilsəsi nümayəndələrinin fəallaşması ilə əlaqədar olub.

 

Onlar iddia edirlər ki, guya Bakı da ermənilərin şəhəri olub və “Albanopol” adlanıb. Bununla əlaqədar olaraq, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova AMEA-nın prezidenti Akif Əlizadədən ölkəmizdən olan nümayəndələrin bu konfransa göndərilməsini və Azərbaycan-Alban kilsəsinin tarixi barədə ilk mənbələrlə konfrans iştirakçılarının məlumatlandırılmasını xahiş edib.

 

Akif Əlizadə də Yaqub Mahmudovun bu sahənin mütəxəssisləri ilə bərabər Yambol şəhərinə ezam olunmaları barədə sərəncam verib.

 

Konfransda Bolqarıstan alimləri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Serbiya, Rumıniya, Xorvatiya, Ukrayna və digər ölkələrdən olan tədqiqatçılar da iştirak ediblər.

 

“Azərbaycan-Alban kilsəsi bütün Qafqazın ilk xristian kilsəsidir.  Kilsənin faciəli tarixi onun 1836-cı ildə çar Rusiyası tərəfindən ləğv edilməsi və erməni-qriqoriyan kilsəsinin təcavüzkar fəaliyyəti ilə bağlı olub: “Erməni-qriqoriyan kilsəsi Alban kilsəsinin tarixini saxtalaşdırmış, kitabxanalarını məhv etmiş, diofizit albanların qriqoriyanlaşdırılması və erməniləşdirilməsi siyasətini yeritmişdir. Daha sonra qədim albanların yaşadıqları bütün torpaqlarla bağlı Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürülüb. Və bununla əslində müasir dövrdə Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsinin əsası qoyulub”-deyə Yaqub Mahmudov bildirib.

 

Akademikin məruzəsi zamanı konfrans iştirakçılarına tarixi sənədlər, ermənilər tərəfindən dağıdılmış dini abidələrimiz, məscidlərimizin tövləyə çevrilməsi, qədim Azərbaycan şəhəri olan İrəvanda erməni vandalları tərəfindən dağıdılmış məscidləri özündə əks etdirən video-çarx nümayiş etdirilib.



08.10.2019 | 19:13