Yunanıstanda məzun günü

Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Yunanıstanın Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının ilk Məzun Günü keçirilib və məzunlara diplomlar təqdim olunub.

 

Yunanıstanın Kastoriya şəhərində keçirilən Məzun Günündə UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru Theodoros Theodoulids magistratura üzrə birgə diplom proqramının əhəmiyyətindən söz açıblar.

 

Bildirilib ki, birgə magistr proqramının məqsədi, beynəlxalq əmək bazarında, o cümlədən Avropa əmək bazarında yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Proqramı bitirənlər  Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə edə biləcəklər. Birgə proqramda iştirak edən magistrlər müqaviləyə əsasən, həm də təqaüdlə təmin olunublar.

 

Tədbirdə birgə diplom proqramının hər iki ölkə arasında təhsil, elm və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Həmçinin UNEC-lə Qərbi Makedoniya Universiteti arasında bakalavr təhsili üzrə mübadilə və ikili diplom proqramlarının da reallaşdırılmasının mümkünlüyü  qeyd edilib və bu istiqamətdə işlərə başlamağa dair qərar verilib.

 

Millət vəkili Fazil Mustafa, Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Eldar Əliyev, Yunanıstan parlamentinin üzvləri birgə magistr proqramının hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər. İlk dəfə olaraq həyata keçirilən birgə proqram çərçivəsində UNEC-in Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirməsini tarixi uğur adlandırıblar.

 

Qeyd edək ki, UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərən yeganə xarici universitet olmaqla, Yunanıstanda da birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir.



09.10.2019 | 13:00