Prezident təqaüdçülərinin 9-u qız, 14-ü oğlandır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

 

Rektor deyib ki, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdə layiq görülüb.  Ali Məktəb yarandığı ildən bu günə qədər isə Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb.

 

E.Qasımovun sözlərinə görə,  indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbi maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunur: Belə ki  bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb.

 

O, hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında  böyük rol oynayacağını vurğulayıb.

 

Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərinin 9-u qız, 14-ü oğlandır. Təqaüdçülər ixtisas seçimində “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublika üzrə ən yüksək keçid balı ilə “İlin ixtisası” olub. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisas kimi qeydə alınıb. 



09.10.2019 | 18:21