Azərbaycan Dillər Universiteti sərgidə öz guşəsini təqdim edib

Azərbaycan Dillər Universiteti (ADU) 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində təmsil olunub.

 

Universitetin təmsil olunduğu guşədə ADU-nun fəaliyyətini, xidmətlərini və uğurlarını əks etdirən mükafatlar, bukletlər və digər nəşrlər təqdim olunub. Guşədə, həmçinin ADU-nun maliyyə vəsaiti hesabına çap olunmuş nəşrlər, kitablar, dərs vəsaitləri, eləcə də  müxtəlif ölkələrin elm və mədəniyyət nümunələri nümayiş olunub.

 

Sərgi iştirakçıları ADU-nun məlumat guşəsi ilə yaxından tanış olublar. Universitetin beynəlxalq əlaqələrindəki uğurları, xarici dil biliklərinin mükəmməl şəkildə tədris olunması ziyarətçilərin diqqətini çəkib. Eyni zamanda universitetin xarici ölkə universitetləri ilə təhsil mübadiləsi imkanlarının olması sərgi iştirakçılarını maraqlandıran əsas məqamlardan biri olub.

 

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının humanitar siyasət  şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar ADU-nun təmsil olunduğu guşə ilə yaxından tanış olublar.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, son illər Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət ayrılır və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülür.  

 



10.10.2019 | 20:13