13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

Paytaxt Bakımız növbəti dəfə beynəlxalq bir tədbirə ev sahibliyi edir. Artıq ənənəyə çevrilən və davamlı olaraq keçirilən Azərbaycan Beynəlxalq Təhsil Sərgisi bu il  dünyanın 22 ölkəsindən 150-dən çox iştirakçını bir araya gətirib.

 

Son illərin təhsillə bağlı ən uğurlu layihələrindən biri sayılan adıçəkilən sərgi özünün ildən-ilə artan əhatə dairəsinin genişliyi, aktuallığı ilə ölkə ictimaiyyətinin, eləcə də xarici ölkələrin təhsil nümayəndələrinin   böyük maraqla, eyni zamanda rəğbətlə qarşıladığı önəmli hadisələrdən biridir. 13-cü ildir ki, reallaşdırılan Azərbaycan Beynəlxalq Təhsil Sərgisi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası - şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır. Sərgi, həmçinin dünyanın bir çox ölkələrindən təhsillə bağlı insanlarını bir araya toplamaqla, mövcud təcrübənin öyrənilməsi, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi, təhsil xidmətləri  təklif etməsi  baxımından da mühüm əhəmiyyətə malikdir.

 

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasiminin iştirakçıları da  növbəti dəfə təhsilin həyatımızda necə bir önəm daşıdığının bir daha əyani şahidi olmaq üçün toplaşmışdılar.

 

Özünün möhtəşəmliyi, gözəl tərtibatı ilə göz oxşayan sərginin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk,  Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos, “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun, ölkəmizin bir sıra   təhsil müəssisələrinin rəhbərləri, nazirlik yanında İctimai Şuranın üzvləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov qonaqları və sərgi  iştirakçılarını  salamlayaraq onları görməkdən məmnunluq duyduğunu bildirib. Ölkəmizdə  hər il davamlı olaraq keçirilən Beynəlxalq Təhsil Sərgisinin əhəmiyyətini xüsusi vurğulayan nazir onun əhatə dairəsinin ildən-ilə genişlənməsinin müsbət hal olduğunu qeyd edib: “Təhsil Nazirliyi il ərzində bir çox tədbirlər həyata keçirir. Təhsil Sərgisi bu tədbirlər arasında xüsusi bir yerə və əhəmiyyətə malikdir. Sərgi zamanı minlərlə insan təhsil sahəsində baş verən dəyişikliklərlə tanış olur, həyata keçirilən layihələrlə əyani tanışlıq imkanı əldə edir.   Bu sərgi təhsil müəssisələri və təhsilalanlar arasında ünsiyyətin qurulması baxımından da müstəsna əhəmiyyətə malikdir”.

 

Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul olunub və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

 

Sərgi haqqında ətraflı məlumat verən nazir burada  ilk dəfə olaraq Avropa İttifaqının birləşmiş stendi, “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbinin təmsil olunduğunu,  həmçinin xaricdə pulsuz təhsil proqramları və beynəlxalq təhsil mübadiləsi, o cümlədən “Erasmus+” proqramının da təqdim edildiyini söyləyib: “Bir maraqlı məqam da ondan ibarətdir ki, əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə Təhsil Nazirliyi tərəfindən iştirakçılara daha çox təhsil sahəsində innovasiyalar və perspektivli startaplar, eləcə də təhsil sisteminin bütün səviyyələrində IT texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması imkanları təqdim ediləcəkdir”. 

Nazir bildirib ki, Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər də  ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb: “Əlavə olaraq Təhsil Nazirliyi və Nazirliyin tabeliyində olan bir sıra qurumlar tərəfindən həyata keçirilən layihələr və innovativ təşəbbüslər də bu gün nümayiş etdiriləcək. Ümumi təhsil pilləsi üzrə bir sıra innovativ təşəbbüslər məktəblərdə tətbiq edilməyə başlamışdır. Bu gün biz artıq bu təşəbbüslərin müsbət təsirlərini görə bilərik. Sərgidə nümayiş etdirilən “Sağlam təhsil - sağlam millət”, “Məktəblinin dostu”, “Rəqəmsal bacarıqlar”, icma əsaslı məktəbəqədər qruplar, STEAM layihəsi,  istedadlı uşaqlarla iş və müxtəlif olimpiadalar, İKT-nin tətbiqi ilə bağlı layihələr, o cümlədən elektron dərsliklər bu təşəbbüslərə nümunə ola bilər”.

 

Türkiyənin Milli Təhsil naziri Ziya Selçukun  böyük bir nümayəndə heyəti ilə sərgidə iştirakına toxunan Ceyhun Bayramov  bu ölkə ilə  Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin təhsil sahəsində də  geniş  əksini tapmalı olduğunu söyləyib.  Qeyd olunub ki, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasındakı  sıx əməkdaşlıq əlaqələri daha da genişləndirilməlidir.  Nazir keçirilən  sərginin Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcəyinə əmin olduğunu söyləyib.

 

Çıxışının sonunda Ceyhun Bayramov sərginin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətinə, sərginin baş sponsoru “Kapital Bank”ın rəhbərliyinə, həmçinin bu tədbirin dəstəkçilərindən olan Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fonduna, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına öz təşəkkürünü bildirib. Təhsil naziri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin  gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyinə  ümidvar olduğunu bildirib,  sərginin bütün iştirakçılarına, qonaqlara uğurlar arzulayıb.

 

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkələrimiz arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb. Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini ifadə edib. Türkiyəli nazir daha sonra iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda ölkələr arasında  təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.

 

Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək,  bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

 

Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini söyləyib. Qeyd olunub ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.

 

“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçmək üçün geniş imkanlar  yaratdığını deyib.

 

Sərginin rəmzi açılış lenti kəsildikdən sonra qonaqlar və iştirakçılar  burada nümayiş olunan stendlərlə tanış olublar.  

 

Xaricdəki ali məktəblərin təhsil xidmətləri ilə yerindəcə tanışlıq və debüt edənlər

 

Sərgidə Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edir. Həmçinin sərgidə Avropa İttifaqının birləşmiş stendi debüt edir. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi təmsil olunur. Həmçinin burada xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim olunur.

 

Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Skladovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk Diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.

 

Sərginin fərqləndirici xüsusiyyəti

 

Məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər. Bütün bunlarla bağlı məlumatlar  sərgidə  təqdim edilir.

 

Builki sərginin fərqləndirici xüsusiyyəti onun texnoloji istiqamətli olmasıdır. Belə ki, “Rusiyada təhsil” layihəsi təhsil sahəsində “VR” texnologiyaları sərgidə təqdim və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimat çərçivəsində məhsullar əyani şəkildə nümayiş edir. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş edir.

 

Sevindirici haldır ki, burada yerli layihəçilər tərəfindən də  təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunur.

 

Azərbaycan 44 təhsil müəssisəsi ilə təmsil olunur

 

Sərgidə Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Onların arasında ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və digər ali təhsil müəssisələri, eləcə də Sumqayıt, Gəncə və Lənkəran regional dövlət universitetləri yer alıb. Azərbaycan İlahiyyat İnstitutu builki sərgidə debüt edir. Tədbirin daha bir debütantı “Buta” uşaq bağçasıdır. Həmçinin sərgidə “Uşaq zonası” üzrə sərginin tərəfdaşı - “Bağçam” uşaq bağçaları şəbəkəsi də iştirak edir.

 

Təhsil Nazirliyi bu il sərgidə həm təhsilin məzmununu, həm də müasir texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda  təmsil olunur ki, burada da təhsilin bütün pillələri tam əhatə edilib. “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini daşıyan “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələrinin  nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmaqla yanaşı, ölkə təhsilinin inkişafında tətbiq edilən yeniliklər, innovativ layihələr haqqında kifayət qədər məlumatlanmaq  baxımından da xüsusi önəm kəsb edir. Qeyd edək ki, sərgidə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  də iştirak edir.

 

Əlavə tədbirlər üçün  “Təqdimat Zona”

 

Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunur. Beləliklə, bir sıra əlavə tədbirlərin keçirilməsi üçün Bakı Ekspo Mərkəzində xüsusi “Təqdimat Zona”sı da yaradılıb ki, bu zonanın sponsoru qismində BP şirkəti çıxış edir.

 

Sərginin ilk günündə “Təhsil TV” Media Mərkəzində “STEAM”, “Rəqəmsal bacarıqlar” layihələri və müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə bağlı təqdimatlar olub. Sərgidə daha sonra  “Universitetlərə səyahət” adlı layihə keçirilib. Bu  layihə əsnasında sərgi iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verib və valideynləri maraqlandıran sualları cavablandırıblar.

 

Qeyd edək ki, 10-12 oktyabr tarixlərində keçirilən sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər olacaq.

 

Oktyabrın 12-də isə sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ. M. Şevçuk ilə görüş və digər maraqlı tədbirlər keçiriləcək.

 

Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş IX-XI sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil işçiləri üçün açıqdır.

 

Oxumaq, təhsil almaq  və ya təhsilini davam etdirmək, eləcə də təhsildə baş verən yeniliklərlə elə yerindəcə tanış olmaq istəyənlər bu gözəl fürsəti özləri üçün dəyərləndirə bilərlər.  Fikrimizcə,  elə bu sərginin də başlıca amalı budur.

 

Samirə KƏRİMOVA 



11.10.2019 | 10:37