ADNSU-da doktorantların seminarı keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların seminarı keçirilib. Universitetdən bildiriblər ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı,  professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.

ADNSU-nun doktorantura şöbəsinin müdiri, texnika elmləri doktoru Lətafət Qardaşova  seminar haqqında məlumat verib. Doktorantura sahəsində yeniliklərin müzakirə olunması üçün bu cür seminarların keçirilməsinin vacib olduğunu bildirən L.Qardaşova əsas məqsədin dissertasiya işlərinin elmi və texniki baxımdan hazırlanmasında doktorantlara dəstək olduğunu deyib.

Seminarda müxtəlif mövzular üzrə doktorantların çıxışları dinlənilib.

Rektor, professor Mustafa Babanlı tədbirin əhəmiyyətini qeyd edərək doktorantların seminarının müntəzəm olaraq keçiriləcəyini vurğulayıb. Universitetdə elmi fəaliyyət üçün hər cür şəraitin olduğunu deyən rektor ADNSU-nun böyük elm mərkəzi kimi inkişaf etdiyini bildirib.

 

Yusif ƏLİYEV



21.02.2018 | 14:00