“Əcnəbilərin tutduğu yüksək vəzifələri indi yerli mütəxəssislər icra edir”

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Bahar Enerji Əməliyyat Şirkəti”nin prezidenti Con Harkinslə görüşüb.

 

Elmar Qasımov Con Harkinsə Bakı Ali Neft Məktəbi, təlim-tədris prosesi, həyata keçirilən işlər, əldə olunan uğurlar barədə ətraflı məlumat verib.

 

BANM-də müasir beynəlxalq tədris sisteminə uyğun ingilisdilli peşəkar mühəndis kadrlarının hazırlandığını bildirən E.Qasımov Ali Məktəbin beynəlxalq səviyyəli yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

 

Rektor Ali Məktəbin məzunlarının partnyor şirkətlərdə istehsalat təcrübəsi keçdiyini, eləcə də, işlə təmin olunduğunu vurğulayıb. O, eyni zamanda, gələcəkdə “Bahar Enerji Əməliyyat Şirkəti”ndə çalışan bir neçə mütəxəssisin BANM-in məzunlarından olacağına ümidvar olduğunu deyib.

 

Con Harkins isə öz növbəsində bildirib ki, “Bahar Enerji Əməliyyat Şirkəti”in 800 işçisindən 12 nəfəri peşəkar mühəndisdir. O, eyni zamanda qeyd edib ki, 5 il əvvəl şirkətdə 12 xarici əməkdaş çalışırdısa, bu gün onların sayı cəmi 3 nəfər təşkil edir. Çünki, əcnəbilərin tutduğu yüksək vəzifələri indi yerli mütəxəssislər icra edir.

 

“Sizin dünya standartlarına uyğun kampus və çox funksional laboratoriyalarınız tələbələrə real bizneslə tanış olmaq imkanı yaradır. Mən özüm də mühəndisəm. Mühəndislər üçün istehsalat təcrübəsinin önəmini anlayıram. Bu baxımdan, Bakı Ali Neft Məktəbinin tələbələrini strukturumuzla daha yaxından tanış etmək istəyirik. Bu, bizə yüksək potensiallı tələbələrlə tanış olmaq və onları zərurət yaranarsa, işlə təmin etmək imkanı verəcək”.

 

Sonda qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum BANM tələbələrinin “Bahar Enerji Əməliyyat Şirkəti”ndə təcrübə, şirkətin mütəxəssislərinin isə Ali Məktəbin tələbələri üçün master klasslar keçməsini, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, “Bahar Enerji Əməliyyat Şirkəti” “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan  ABŞ-ın “Greenfields Petroleum” şirkətinin törəməsidir və 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Bahar Enerji Əməliyyat Şirkəti” arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi üçün hasilatın bölünməsi haqqında razılaşma imzalanıb. 



17.10.2019 | 18:30