Təhsilin inkişaf meyillərinə ümumi baxış

Təhsilin əsas məqsədi öz-özlüyündə bilik əldə etməkdən daha çox, qlobal kapitalizmin tələbatını ödəmək üçün lazım olan bacarıqlar əldə etməyə xidmət edir.

 

Martin HAYDEQQER,

alman filosofu

 

XXI yüzillik bütün sahələrdə olduğu kimi, təhsildə də yeni bir dönəmin başlanğıcını qoydu. Əgər XX yüzillik təhsili cəmiyyətin tələbinə uyğun bilikli adam yetişdirirdisə, bu yüzillikdə bilik üstəgəl, bacarıq, nəzəri cəhətdən bildiklərini praktika ilə bütünləşdirən insanın yetişdirilməsini tələb edir.

 

Başda ABŞ, İngiltərə, Yaponiya olmaqla dünyanın bir çox inkişaf etmiş ölkələri bu problemin həlli üçün on il ərzində təhsil sistemində əsaslı islahatlar həyata keçirmiş və bu günün tələbinə cavab verəcək bir sistem qurmuşlar. Çünki hər bir ölkənin iqtisadi-siyasi, sosial-mədəni sahədə gələcəyə hədəflənmiş məqsədlərinin yerinə yetirilməsi təhsilin inkişafı  ilə sıx bağlıdır. Tədqiqatçılar dünya praktikasında təhsil quruculuğunun aşağıdakı üç əsas təməl prinsipə söykəndiyini göstərirlər:

 

1. Totalitar rejimlərdə təhsilin siyasi istiqamətinə üstünlük verilir. Belə ölkələrdə fərdin - şəxsiyyətin şərtsiz mövcud rejimə bağlı olması təhsilin məqsədini özündə ehtiva edir.

 

2. Təhsilin iqtisadi istiqamətinə daha çox üstünlük verilən ölkələrdə mənfəət əldə edən, özünü və ailəsini düşünən ayrı-ayrı fərdlər, insan yetişdirmək.

 

3. Təhsilin sosial  istiqamətini əsas götürən ölkələrdə təhsilin məqsədi sosial bacarıqları özündə ehtiva edən insanları yetişdirmək durur. Belə ölkələrdə sistemin müəyyən zaman içərisində dağılma təhlükəsi ilə üzləşməsi prosesi baş verə bilər.

 

Qərb ölkələri əsasən ikinci təməl prinsipi üzrə təhsil quruculuğunu həyata keçirərək müstəqil cəmiyyətin azad, tənqidi düşüncəli insanını, Yaponiya isə sosial istiqamətə üstünlük verərək böyük bir ailə toplumunun (cəmiyyətin) bir-birinə bağlı, əlaqəli üzvlərinin yetişdirilməsini bir sistem halına gətirmişlər. Ölkələr arasında Sinqapurun, Finlandiyanın özünəməxsus yolu və dünya miqyasında təhsildə böyük uğurlara imza atmağa yaşıl işıq yandırmış islahatları diqqətçəkəndir. Məsələn, Yaponiyada orta təhsil özündə aşağıdakı üç əsas istiqaməti birləşdirir:

 

1. Çeviklik və rəngarənglik: bu istiqamətdə ixtisaslaşmış məktəblərin fəaliyyəti və tədrisin kurikulumlar üzrə aparılması məsələləri öz əksini tapmışdır. Məktəblərə yeni “0” pilləsindən başlayaraq könüllü fənn seçmək və ibtidai siniflərdə məktəbdaxili kamillik proqramları tədris etmək imkanı verilir.

 

2. Geniştəyinatlı, hərtərəfli təhsil: şagirdlərə daha çox seçmək və sahib olmaq, çevik, rəngarəng sinif otağının içində və xaricində şagirdlərin hərtərəfli inkişafı üçün daha geniş təyinatlı təhsil verilir. Onların sağlam dəyərlər mənimsəmələrinə, möhkəm iradə və müqavimət qabiliyyətini yaratmağa kömək edir.

 

3. Az tədris etmək, çox öyrənmək: şagirdləri müstəqil öyrənməyə sövq etmək. 

 

4. Müəllimlərə səlahiyyət verilməsi: metod, yanaşma seçimində, öz peşəkarlıq səviyyələrinin artırılması, ünsiyyət, yaradıcılıq, yenilikçi mövqeyinin möhkəmləndirilməsi.

 

Sinqapurda az sayda özəl orta məktəblərin fəaliyyətinə yer verilib.

 

Təhsilin inkişafında dövlətlərdə hökümətlərin rolu çox önəmlidir. London Kral Beynəlxalq Əlaqələr İnstitutunun 1996-cı ildə apardığı araşdırmaya görə, bir çox dövlətlərdə xalqı dövlətin xidmətçisi görmək əvəzinə, dövlətin xalqın xidmətçisi olaraq görmək anlayışı getdikcə güclənməkdədir. Məsələn, Çin və İraqda xalq tərəfindən dövlətə - hakimiyyətə bir kral, sultan münasibəti bəsləndiyi halda, ABŞ, Kanada, Avstraliya, Almaniya, Fransa, Birləşmiş Krallıqda və inkişaf etməkdə olan ölkələrdə dövlətə - hakimiyyətə xalqın xidmətçisi kimi baxılır. Üstündən 23 il keçsə də, araşdırmanın nəticələri bu gün də bəzi ölkələrdə keçərlidir. Bu münasibətin bütün sahələrə olduğu kimi, təhsilə təsiri qaçılmazdır. Dövlətlərin təhsilin inkişafındakı məsuliyyətləri, cavabdehliyi ölkələrə görə dəyişkəndir. Bu da təbii prosesdir. Məsələn, Yaponiya Təhsil Nazirliyi islahat üçün 10 nəfərdən ibarət bir alt komissiyası yaratmışdır. Bu komissiyaya təhsil sisteminin ayrı-ayrı pillələrini yaxşı bilən təhsil işçiləri, cəmiyyətin nümayəndələri daxil edilmişdir. Çox maraqlıdır ki, Təhsil Nazirliyinin bir işçisi, məmuru belə, bu komissiyada yer almamışdır. Bu, cəmiyyətin müxtəlif profilli üzvlərinin problemi maddə-maddə ortaya qoymaq, həlli yollarını göstərmək  məsuliyyətinə malik olmalarının, təhsilin inkişafının yalnız Təhsil Nazirliyinin vəzifəsi olmadığının  göstəricisidir.

 

Təhsilin ilk və ən önəmli tərəfdaşlarından biri də ailədir. Bir çox ölkələrdə ailə təhsil sisteminin bünövrəsi, alt infrastrukturu hesab edilir. Bu dövlətin təhsil sistemi ailə ilə birlikdə, uyumlu bir şəkildə cəmiyyətə, dövlətin inkişaf məqsədlərinə cavab verən vətəndaşın yetişdirilməsində fəaliyyət göstərir.

 

Məlahət MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru



18.10.2019 | 15:27