Universitetdə struktur islahatları

Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının  növbədənkənar genişləndirilmiş iclasında universitetin strukturunun təkmilləşdirilməsi məsələsi müzakirə olunub.

 

Rektor Şahin Bayramov son illər ərzində  ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetlərin cəmiyyət həyatındakı missiyasının köklü şəkildə yenilənməsi və sürətlə dərinləşən rəqabət mühiti şəraitində ali təhsil müəssisələrində müasir idarəetmə metodlarının tətbiqinin zəruriliyi haqqında ətraflı məlumat verib.

 

O, universitetin strukturunun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması üzrə müvafiq İşçi Qrupunun yaradıldığını diqqətə çatdırıb. Ş.Bayramov professor-müəllim, inzibati-texniki və tələbə heyəti üzvlərindən təşkil olunan İşçi Qrupuna mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, MDU-da idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərarqəbuletmə və icra prosesində çevikliyin artırılması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadəyə şərait yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanmasının həvalə olunduğunu bildirib.

 

İşçi qrupunun rəhbəri, MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov sözügedən qrup tərəfindən hazırlanmış təkliflər paketini  iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

O, İşçi Qrupu tərəfindən irəli sürülən təkliflərin universitetdə tədris prosesinin daha səmərəli təşkilinə, magistratura təhsilinin məzmununun inkişaf etdirilməsinə, idarəetmə prosesində paralelliyin aradan qaldırılmasına, elmi fəaliyyətin və doktorantlarla işin səmərəliliyinin artırılmasına, innovasiya sahəsində işlərin daha effektiv əlaqələndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, kadrlarla işin təkmilləşdirilməsinə, ictimaiyyətlə əlaqələrin müasir dövrün tələbləri çərçivəsində qurulmasına, kargüzarlıq və sənədləşmə işinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

 

Müzakirələrdən sonra İşçi qrupunun təklifləri Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Beləliklə, MDU-nun Elmi Şurası universitetdə Tədris şöbəsinin, Magistratura və doktorantlarla iş şöbəsinin, Elm və innovasiyalar şöbəsinin, Beynəlxalq əməkdaşlıq ofisinin, İnsan resursları şöbəsinin, İctimaiyyətlə əlaqələr şöbəsinin və Dəftərxananın yaradılmasına dair qərar qəbul edib. Eyni zamanda, sözügedən təklifləri nəzərə almaqla, MDU-nun Elmi Şurası universitetin mövcud strukturunda yer alan Tədris hissəsinin, Magistratura sektorunun, Təhsildə keyfiyyətə təminat və nəzarət mərkəzinin, Karyera mərkəzinin və Ümumi şöbənin ləğv edilməsinə dair qərar qəbul edib.

 

İşçi qrupunun fəaliyyətinin davam etdirilməsi qərara alınıb.



19.10.2019 | 14:40