“ASAN Məktəb” - yeni və uğurlu idarəetmə modeli

Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəb rayonumuzun ən qocaman təhsil ocaqlarındandır. Bir əsrdən artıq yaşı olan olan məktəb kifayət qədər zəngin inkişaf yolu keçmişdir.  Məktəbimiz  2007-ci ildə əsaslı, 2016-cı ildə isə cari  təmir edilib. Burada 570 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Bütün  müəllimlərimiz   Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  iştirak edərək yüksək nəticələr əldə ediblər. Şagirdlərimiz də istər rayon, istərsə də respublika səviyyəsində keçirilən  tədbirlərdə fəal iştirak edir,  müxtəlif müsabiqə və olimpiadalarda müvafiq yerlərə layiq görülürlər. Bu bizi çox sevindiririr.  Bizim məktəb üçün bu il  olduqca  uğurlu olub. Belə ki, təhsil müəssisəmiz 2018-2019-cu tədris ilində Təhsildə   inkişaf  və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub. Heç şübhəsiz ki, bu gün respublikamızda həyata keçirilən dövlət siyasətinin mahiyyəti hər birinizə yaxşı məlumdur.

 

Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin, inkişaf konsepsiyasının müsbət və ölkə hüdudlarından kənarda da, diqqət çəkən modern idarəetmə, sosial-iqtisadi dinamik inkişafı bütün sektorlarda özünü əks etdirməkdədir. O cümlədən, Təhsil İslahatı çərçivəsində icra olunan proqramlar təhsildə nəticəyönümlülüyü, şəxsiyyətyömlü yanaşmanın keyfiyyət nailiyyətlərini, şagird nailiyyətlərinin uğurlarını davamlı inkişaf etdirir.

 

Artıq respublikamızda 3-cü ildir ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçirilir.  Bizim məktəbimiz də  bu müsabiqəyə qatılaraq  cənub regionunda ən uğurlu nəticəni əldə edib.

 

Bildiyiniz kimi, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Məhz bunu nəzərə alaraq təklif etdiyimiz unikal layihəmiz haqda sizləri məlumatlandırmaq istəyirəm.

 

İlkin olaraq “ASAN Məktəb”- yeni və uğurlu idarəetmə modelinin tətbiqi ilə bağlı  bölgələrdə ümumi təhsil müəssisələrinin direktor və  müavinləri, qabaqcıl müəllimləri üçün məktəbin idarə edilməsi səriştəliliyinin artırılması mövzusunda tədbirlərin təşkil olunması hədəfimizdir. Artıq sentyabrın 9-da  məktəbimizdə layihənin geniş  təqdimatı  keçirilib,  bununla bağlı koordinasiya şurası yaradılıb və  tədbirlər planı müzakirə olunaraq təsdiq edilib. Görüləcək işlər sırasında rayonumuzun ümumtəhsil müəssisələrinin rəhbərlərinə peşəkarlığın təkmilləşdirilməsi istiqamətində təlimlərin təşkil olunmasıdır ki, oktyabr ayından artıq bu işə start verilib.

 

Layihənin məqsədi   liderlik və mentorluq təlimləri, regional müsabiqələr və metodiki tövsiyələr hazırlamaqla - sərt, köhnəlmiş, inteqrasiyadan uzaq, nəticəsiz, səmərəsiz qaydaların deyil, optimal menecment metodlarının  tətbiqi,  insan  kapitalı,  ictimai rəyə yönəlmiş, liderlik prinsiplərinə söykənən Asan və səmərəli xidmətlə məktəblərarası, məktəb rəhbərlərinin inkişafetdirici əməkdaşlığına əsaslanan, şagird-valideyn məmnunluğu arasındakı zəruri əlaqəni təmin etməklə Asan Məktəb idaəetmə modeli yaratmaqdır.

 

Qurulmasını təklif etdiyimiz yeni modeldə “keyfiyyətli idarəetmə” anlayışı cəmiyyətə, xalqa səmərəli xidmət mənasını ifadə edir, məktəblə-müəllim,  şagird-valideyn arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırır. Şagirdlərə tədris xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.

 

Qiymətləndirmə və monitorinq sistemində də müvafiq dəyişikliklər təklif edilir, ictimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik, davamlı inkişaf, ömürboyu təhsilalma, humanist pedaqogika və liderlik idarəetməsi ön plana çəkilir. Beləliklə, qlobal inkişafın müasir meyilləri və milli-tarixi dövlətçilik ənənələrinə əsaslanan islahatlar nəticəsində təhsil-maarif-elm-idarəetmə xidmətlərinin təqdim olunmasının forma və üsulları müntəzəm olaraq təkmilləşdirilməli, peşəkar pedaqoji kadrlardan ibarət mühüm sosial-hüquqi mexanizmin yaradılması təmin olunmalıdır.

 

Layihəmizin vəzifələrindən biri məktəb idarəetməsinin ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq və menecmentlik, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasını, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadəni təmin etməkdir. Bu isə,  təhsil sektorunda daha da innovativ idarəetmə modelinin qurulmasına dəstək olur.

 

“ASAN Məktəb” - yeni və uğurlu idarəetmə modeli adlı layihəmiz sentyabrın 1-dən başlayıb və bu ilin dekabrın 20-dək davam edəcəkdir.   Ümidvarıq ki, bu layihəmiz uğurla həyata keçiriləcəkdir.

 

Xədicə ƏLİYEVA, 

M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru



20.10.2019 | 11:42