Sumqayıt Dövlət Universitetində yubiley tədbiri

Sumqayıt Dövlət Universitetində  BDU-nun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda  elmi-praktik konfrans keçirilib.            

 

Konfransda universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı,  BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov universitetin 1919-cu ildə  Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edildiyini bildirərək, ümummilli lider Heydər Əliyevin bu  mühüm tarixi hadisəyə hər zaman verdiyi obyektiv qiyməti, Azərbaycan elminə çıraq tutması fikirlərini xatırladıb.  Rektorun sözlərinə görə, tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq, neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.

 

BDU-nun inkişafında yeni keyfiyyət mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rektor onun məzunu olduğu ali məktəb haqqındakı məşhur ifadəsini yada salıb: "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam".

 

Sonra rektor BDU-nun ilk binasını əks etdirən xalça və təbrik məktubunu Elçin Babayevə təqdim edib.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu ali təhsil ocağının  müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdırıb. O,  BDU-nun yubiley tədbirlərinin, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini, noyabr ayında isə böyük tədbirin keçiriləcəyini vurğulayıb.

 

Konfransdan sonra BDU-nun rektoru Elçin Babayev və nümayəndə  heyəti universitetin II tədris binası və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi, həmçinin, yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə tanış olublar.



21.10.2019 | 16:24