Kosmosa virtual səyahət

ABŞ Dövlət Departamentinin “Natiqlər proqramı” layihəsi çərçivəsində NASA-nı təmsil edən Kornell Universitetinin planetar elmlər üzrə doktoru, Virciniya Universitetinin Astronomiya kafedrasının dosenti Ann Verbişer və ABŞ səfirliyinin Maarifləndirici Proqramlar üzrə Direktoru Aydan Əsgərova Bakı Mühəndislik Universitetində (BMU) olublar.

   

BMU-nun rektoru, professor Havar Məmmədov bu günlərdə müstəqilliyinin 28-ci ildönümünü qeyd edən Azərbaycanın gənc dövlət kimi qazandığı nailiyyətlərdən bəhs edib. Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin gələcək nəsillərə ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin etmək üçün qoyub getdiyi zəngin irsin, siyasi məktəbin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi nəticəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Hazırda Azərbaycan özünün siyasi, iqtisadi qüdrətinə, strateji mövqeyinə, inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Bu inkişaf Azərbaycanda kosmik sənayedən də yan keçməyib.

 

Azərbaycanın gənc ölkə olmasına baxmayaraq dünyanın kosmik ailəsinə daxil olduğunu vurğulayan rektor artıq üç peykimizin (“Azerspace-1”, “Azersky”, “Azerspace-2”) orbitə çıxarıldığını, bunun həm innovasiya, həm də biznes baxımından əhəmiyyətini diqqətə çatdırıb.

   

Planetar elmlər üzrə doktor, dosent Ann Verbişer ölkəmizin gənc müstəqil dövlət kimi dünyanın kosmik ailəsinin üzvünə çevrilməsinin böyük nailiyyət olduğunu vurğulayıb. O, Bakıya səfərinin məqsədi, “Azərkosmos”da və digər qurumlarda keçirdiyi görüşlər haqqında məlumat verib.

 

Daha sonra NASA-nı təmsil edən doktor Ann Verbişer BMU-nun tələbələri ilə görüşüb və onlara mühazirə oxuyub. Onun virtual kosmos səyahəti, yeni üfüq planetləri və Pluton planetinin yaranması haqqındakı fikirləri  tələbələr tərəfindən böyük maraqla qarşılanıb.



21.10.2019 | 16:00