Azərbaycan və rus alimləri birgə tədqiqata maraq göstərir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının (REA) Paleontologiya İnstitutunun direktoru, akademik Aleksey Lopatin, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimovla görüş keçirilib.

 

Akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə elmə göstərilən dövlət qayğısından, dünya elminə inteqrasiya və xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olan Azərbaycan alimlərinin II qurultayının keçirilməsinin planlaşdırılmasından danışıb.

 

AMEA-da geologiya, paleontologiya, stratiqrafiya, geoekologiya, geopaleontologiya istiqamətlərində aparılan mühüm tədqiqatlardan, əldə edilən nailiyyətlərdən söz açan  akademik ənənəvi Azərbaycan-Rusiya ekspedisiyasının yaradılmasına ehtiyac olduğunu bildirib. Bundan əlavə, birgə tədqiqatlara gənc alimlərin cəlb edilməsinin, bu istiqamətdə gənc kadrların yetişdirilməsinin zəruriliyini vurğulayıb.

 

Akademik A.Lopatin deyib ki, Paleontologiya İnstitutu Rusiyada bu istiqamətdə ixtisaslaşmış ən önəmli elmi-tədqiqat mərkəzlərindən biridir və müəssisənin müasir laboratoriyalarında fosil orqanizmlərin sistematikası və filogeniyası, ekosistemlərin və biosferin formalaşması və inkişafı, bioloji müxtəliflik, morfologiya, paleoekologiya, bakterial paleontologiya sahələrində fundamental tədqiqatlar aparılır.

 

O, həmçinin institut əməkdaşlarının səyləri nəticəsində dünyanın ən böyük və məşhur paleontoloji muzeylərindən biri olan Paleontoloji Muzeyin yaradıldığını diqqətə çatdırıb.

 

Bu gün iki ölkə arasında dostluq münasibətlərinin yüksək olduğunu deyən A.Lopatin azərbaycanlı alimlərlə birgə tədqiqat aparmağın önəminə toxunub. O, xüsusilə Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi ərazisində azərbaycanlı paleontoloqlarla birgə araşdırmalara maraqlı olduqlarını dilə gətirib.

 

A.Lopatin daha sonra paleontologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Akif Əlizadəyə "A.A.Borisyak medalı"nı və diplomunu təqdim edib.

 

Sonra professor Vadim Kosyanov çıxış edərək azərbaycanlı həmkarları ilə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb, Rusiya Geoloji Ensiklopediyası çoxcildliyini akademik Akif Əlizadəyə hədiyyə edib.

 



21.10.2019 | 16:47