Qars Qafqaz Universitetinin komandası ilə yoldaşlıq görüşü

Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin futbol komandası arasında yoldaşlıq  matçı keçirilib.  Naxçıvanın 95 illiyi münasibətilə keçirilən matç Türkiyənin Qars Qafqaz Universitetində baş tutub.

 

Azərbaycanın Qars şəhərindəki Baş konsulu  Nuru Quliyev, Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı,  Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov universitetin müəllim, tələbə kollektivi ilə birgə yarışı izləyiblər. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra ümummilli liderimiz Heydər Əliyevin Qars şəhərində ucaldılan büstü ziyarət edilib.

 

Universitetin qonaq evində təşkil edilən süfrə arxasında hər iki ölkənin nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.

 

Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov Naxçıvan  Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsindən və il boyu bu münasibətlə keçirilən tədbirlərdən danışıb.  Prorektor hər iki ölkə arasındakı qardaşlıq münasibətlərinə toxunub. 

 

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı vurğulayıb ki, Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olub. Naxçıvanın böyük tarixi olduğunu dilə gətirən rektor qeyd edib ki, Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürk Naxçıvanı türk dünyasının qapısı adlandırıb. Rektor Naxçıvanın 95 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edib.



22.10.2019 | 19:38