Ərtoğrol Cavidin yaradıcılığı interaktiv açıq dərsdə

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub.

 

Dərs Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq keçirilib.

 

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova dərsdə “Ərtoğrol Cavid: həyatı və irsi” mövzusunda məruzə ilə çıxış edib. O, XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin ailəsində dünyaya göz açan Ərtoğrol Cavidin həyat yolu, onun zəngin və parlaq yaradıcılıq fəaliyyəti barədə şagirdlərə məlumat verib.

 

Tədqiqatçı alim qeyd edib ki, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavid 1936-37-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə qəbul olub və  burada Mir Cəlal, Əli Sultanlı, Əkbər Ağayev, Əbdüləzəl Dəmirçizadədən təhsil alıb.

 

Ərtoğrol Cavidin 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olduğunu deyən Aygün Orucova ədibin dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs aldığını diqqətə çatdırıb. Ölməz müğənnimiz Bülbül ilə birlikdə Azərbaycanın bir sıra rayonlarında folklor ekspedisiyalarında iştirak edib, toplama materiallarına ciddi və məsuliyyətlə yanaşıb.

 

Dərsdə, həmçinin Ərtoğrol Cavidin apardığı elmi tədqiqatlar və fundamental araşdırmalardan da bəhs olunub. Qeyd olunub ki, Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan həmin materiallar əsasında 13 cildlik “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlandırılan toplu nəşr olunub.  

 

Şagirdlərin diqqətinə çatdırılıb ki, Ərtoğrol Cavid müharibə mövzusunda “Marş” əsərini yazıb. M. Dilbazinin “Layla”, N.Rəfibəylinin “Eşq olsun” şeirlərinə musiqi bəstələyib. O, xalq mahnılarını, el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb.

 

Ərtoğrol Cavidin şəxsi arxivi Bakıda Hüseyn Cavidin Ev Muzeyində saxlanılır və nümayiş olunur. Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub. Hüseyn Cavidin Naxçıvandakı ev muzeyində onun 14 adda rəsm əsərinin surəti vardır.

 

Açıq dərs ümumilikdə, muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

 



22.10.2019 | 20:01