“TGT Ailəmiz”in yeni qəbul olunmuş tələbələr üçün tanışlıq tədbiri

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  universitetin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) yeni qəbul olunmuş tələbələr üçün tanışlıq tədbiri keçirib. Bədii kompazisiya şəklində qurulan tədbirdə ali məktəbin rəhbərliyi, müəllimləri, 500-dək tələbəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı 1 saylı  Baza Tibb Kollecinin TGT sədrləri və fəalları iştirak edib.

 

Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev Tələbə Gənclər Təşkilatının hər bir gənc tələbənin formalaşmasında müstəsna rol oynadığını bildirib. O qeyd edib ki, bu baxımdan ADPU TGT ölkədə sözünü demiş köklü bir təşkilatdır və tələbələr məhz ADPU-nun TGT-nə üzv olmaqla bir addım öndə olurlar.

 

Tədbir boyu tələbələrin və vaxtilə TGT üzvü olmuş uğurlu gənclərimizin ADPU TGT haqda fikirlərindən və TGT-nin liderlik məktəbi kimi müxtəlif ən böyük tədbirlərindən görüntülərin əks olunduğu videoçarxlar nümayiş olunub, “TGT-də yardımlaşma”, “Müəllim və tələbələr pantonimi” adlı səhnəciklər göstərilib. Fizika və Məktəbəqədər fakültələrin tələbələrindən ibarət qrupların ifasında “Vokalizm” və papuri-milli rəqs kombinasiyası nümayiş olunub.

 

Tədbirin qonağı, müğənni Rəhim Məcidin ifasının sədaları altında TGT üzvlərinin iştirakçılara və qonaqlara içərisində xoş diləklər qeyd olunmuş simvolik hədiyyə qutucuqları paylaması maraqla qarşılanıb.

 

Professor Fikrət Rzayevin təklifi ilə sonda həmrəylik rəmzi kimi musiqisiz, 500-dən çox tələbənin Azərbaycan Himnini ifa etməsi isə tədbirin ən təsirli anı olub. 



23.10.2019 | 12:25