Azərbaycanda peşə təhsilinin inkişafına xüsusi diqqət göstərilir

Aprelin 30-da    "Hyatt Regency  Baku"  otelində  “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib.  Tədbirə ev sahibliyi edən otelin baş direktoru Uolter Qaq qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.  Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən  Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O,  peşə təhsilinin inkişafı üzrə  qəbul olunmuş dövlət sənədlərində bu sahənin proritet əhəmiyyət daşıdığını,  bu sahəyə artan dövlət dəstəyindən danışıb.  F.Mustafayev qeyd edib ki, bir qədər əvvəl  ölkə parlamentində "Peşə təhsili"  haqqında qanun qəbul olunub.   Peşə təhsili sahəsində qabaqcıl dünya təcrübəsini  nəzərə alan bu qanun  ölkəmizdə peşə təhsilinin  inkişafına xidmət edir. 

 

Sonra  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın “Ümumtəhsil müəssisələrində peşəyönümü işinin səmərəliliyi üçün maarifləndirmənin aparılması” mövzusunda məruzəsi dinlənilib.  Ölkəmizdə peşə təhsilinin inkişafında məktəblərin də üzərinə bir sıra vəzifələrin düşdüyünü qeyd edən  M.Vəliyeva əsasən ibtidai təhsil pilləsindən başlayaraq  bu sahədə  maarifləndirmə işlərinin aparılması zəruriliyindən bəhs edib.

 

Tədbirdə  "British Council"in  direktor müavini  Nigar Baimovanın  "Peşə təhsili sahəsində həyata keçirilən  birgə layihələr", "Hyatt Regency  Baku" otelinin İnsan resursları şöbəsinin müdiri Arzu Əsgərovanın "Peşə təhsilinin təbliğində dövlət- özəl əməkdaşlığı" mövzularında təqdimatları dinlənilib. 

 

Təqdimatlardan sonra   Peşə Təhsili üzrə Dövlət Agentliyi  və "Hyatt Regency  Baku"  arasında Anlaşma Memorandumunun  imzalanma mərasimi keçirilib. Memorandumu   Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və  "Hyatt Regency  Baku"  otelinin baş direktoru  Uolter Qaq imzalayıblar.


Daha sonra tədbir "Peşəyönümü işinin aparılması strategiyasının düzgün qurulması", "Peşəyönümü" işinin təbliği"  kimi mövzularda  təqdimatlarla davam edib.

 

Oruc MUSTAFAYEV

 



30.04.2018 | 14:06