Coğrafiyanın müasir problemlərindən danışılıb

Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransda  ölkənin  aparıcı ali təhsil müəssisələri ilə yanaşı, AMEA-nın Coğrafiya İnstitutu,  Ekologiya Təbii Sərvətlər Nazirliyi Hidremeteorologiya Elmi-Tədqiqat İnstitutunun alimləri iştirak ediblər.

 

Qonaqlar Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara baxıblar.

 

Universitetin rektoru , professor Elxan Hüseynov  konfransın əhəmiyyətindən,  ulu öndər Heydər Əliyevin coğrafiya elminin inkişafına verdiyi dəstəkdən söz açıb. Onun  Azərbaycan elminin inkişafındakı  böyük xidmətlərindən bəhs edərək, elmə, alimə həmişə yüksək qiymət verməsini, milli kadr potensialının, o cümlədən bir çox elm sahələri kimi coğrafiya üzrə də mütəxəssis kadrların hazırlanmasındakı böyük rolunu xüsusi qeyd edib, gənc nəslin formalaşmasında, elmi fəaliyyətlərinin inkişaf etdirilməsində müxtəlif elm sahələrinin, xüsusilə coğrafiya elminin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

 

Rektor  regionların sosial-iqtisadi inkişafına həsr olunmuş Dövlət Proqramının mühüm nəticələr verdiyini, qarşıya qoyulmuş bir sıra strateji layihələrin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətli sənəd olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, proqramlara əsasən, rayon mərkəzlərində abadlıq və quruculuq işləri aparılıb, kəndləri birləşdirən yollar yenidən qurulub, infrastruktur obyektlərinin müasirləşdirilməsinə xüsusi diqqət yetirilib.

 

Coğrafiya İnstitutunun direktoru, professor  Ramiz Məmmədov “Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemləri”, Hidremeteorologiya Elmi-Tədqiqat İnstitutunun professoru Rza Mahmudov “Azərbaycanda qlobal iqlim dəyişmələrinin hidremeteoroloji və sosial-iqtisadi şəraitə təsiri”, SDU-nun  Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri, professor Tahir Ağayev “Abşeron yarımadasında sənaye müəssisələrinin çirkləndirmə mənbələrinin atmosferə təsirinin xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış ediblər.Coğrafiya elminin zəngin tarixi olduğunu söyləyərək, onun dünya elminə verdiyi töhfələrdən bəhs ediblər. 



24.10.2019 | 15:32