Yeni məktəbə gedən yol və ya müasir məktəbin fəlsəfəsi

(Əvvəli qəzetin 18 oktyabr tarixli nömrəsində)

 

Təxəyyül bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Ancaq bir cəhət dəqiq məlumdur: təxəyyülü güclü olduqca insanlar başqa insanları, təbiət və cəmiyyət hadisələrini daha yaxşı anlayırlar. Məsələnin belə qoyuluşu təfəkkürlə yanaşı, təxəyyülün inkişafını gündəmə gətirdi. Nəticədə interaktiv (fəal) təlim metodları daha da aktuallaşdı, dərsin mərhələləri təlimin yeni məqsədlərinin həyata keçirilməsi müstəvisində öz məzmununu dəyişərək aşağıdakı kimi oldu:

 

1.Motivasiya, problemin qoyuluşu; 2.Tədqiqatın aparılması; 3.İnformasiya mübadiləsi; 4.İnformasiyanın müzakirəsi və təşkili; 5.Nəticə, ümumiləşdirmə, 6.Yaradıcı tətbiq etmə; 7.Qiymətləndirmə və refleksiya.

 

Bu mərhələlərdən göründüyü kimi, müasir dərs təfəkkür və təxəyyülün inkişafına istiqamətlənir. Problem qoyulur, fərziyyə irəli sürülür, tədqiqat aparılır və sonda nəticə hasil olur. Hər bir dərsin məzmununa müvafiq olaraq, müəllim təlimin müxtəlif interaktiv (fəal) metodlarından istifadə edir.

 

Günün sualı: Görəsən ümumtəhsil məktəbi çərçivəsində dərsdə təfəkkür və təxəyyülü inkişaf etdirmək olar?

 

Məktəbin yenilənməsi və ya yeni məktəbə doğru ilk addımlar... 

     

Bu suala cavab vermək üçün, ilk növbədə, diqqəti təhsilin məzmunu probleminə yönəltmək lazımdır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, xüsusən orta ümumtəhsil məktəblərində nöqsanlar təhsilin məzmunu ilə başlanır, təhsilin məzmunu ilə bitir. Əgər müqayisə etsək, orta ümumtəhsil məktəbinin məzmunu  son 30-40 il ərzində çox cüzi dəyişiklikləri özündə ehtiva edir. Halbuki, təhsilin məzmunu müasir dövrdə yenilənməlidir. Bu məsələni izah edək:       

 

Keçən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr təhsil sistemində bir müddət sanki “durğunluq” yaratdı.  Müstəqilliyə qədəm qoyduqdan sonra təhsil sistemini məhz təfəkkür və təxəyyül paradiqması müstəvisində inkişaf etdirmək lazım olduğu məlum oldu. Məktəbin təkmilləşdirilməsi bu axarda həyata keçirilməli idi.  Biz artıq açıq cəmiyyətdə yaşamağa başlamışdıq. İndi dünyaya açılan pəncərə daha da böyümüşdü.  Artıq müəllim və dərslik yeganə bilik mənbəyi deyildi. Ümumtəhsil orta məktəbinin məzmunu obrazlı desək, “yeni dövrün nəfəsi ilə isinməli” idi. Orta ümumtəhsil məktəbində təhsil müddətinin bir il artırılması bu ümidləri artırdı. Onbirillik təhsil üçün yeni məzmun hazırlamaq lazım idi. Təhsil müddətinin bir il artırılması onun məzmununda köklü dəyişiklik etmək üçün yeni imkanlar yaratmışdı. Lakin təhsilin ənənəvi məzmunu, bir neçə kosmetik əlavələrlə, on bir il müddətinə bölüşdürüldü və onbirillik məktəb öz fəaliyyətinə başladı. Fəal təlim metodlarının tətbiqi genişləndirildi. Bu, təhsilin məzmununun yenilənməsi demək deyildi. İnteraktiv (fəal) təlim metodlarının tətbiqi müasir təhsil paradiqması baxımından birmənalı şəkildə müsbət qiymətləndirilməlidir və onun məktəbə gətirilməsi ən uğurlu yenilik kimi mənalandırılmalıdır. Lakin bəzi məktəb və ya müəllimlərin pedaqoji fəaliyyəti istisna olmaqla, orta ümumtəhsil məktəbi müstəvisində bu metodların tətbiqi psixoloq və pedaqoqların qeyd etdikləri kimi, elə də sevindirici nəticəyə gətirib çıxarmadı. Bir sıra hallarda təlim prosesində psixoloji amillərin (şagirdin özünüaktuallaşma səviyyəsinin, motivasiyasının, idraki maraqlarının, qabiliyyətlərinin və s.) lazımi səviyyədə nəzərə alınmaması bu metodların tətbiqində çətinliklər yaratdı. Yeni metodlar yeni rəhbərlik üslubu tələb edirdi, müəllimlərin əksəriyyəti isə hələ də köhnə idarəetmə üsullarından istifadə edirdi. Yeni metodlar yeni dərsliklər tələb edirdi, köhnə dərsliklər yeni metodlar üçün nəzərdə tutulmamışdı və s.

 

Bir daha dərsliklər haqqında

 

Təhsilin məzmununu əks etdirən əsas sənədlərdən biri olan dərsliklərlə bağlı təkcə elmi səviyyədə deyil, hətta ictimai səviyyədə belə ciddi iradlar vardır. Görəsən, bunun səbəblərini harada axtarmaq lazımdır?  Bəzən dərsliklərin belə səviyyədə olmasının günahını təkcə ayrı-ayrı müəlliflərdə, onların səriştəsizliyində  axtarırlar. Biz bunu inkar etmirik. Belə hallara da təsadüf edilir. Amma bu  əsasən metodiki səviyyədə  mövcud olan nöqsandır. Əgər dərsliklərin yazılmasında metodoloji  səviyyədə nöqsanlar olmasaydı, onları aradan qaldırmaq da asan olardı. Metodoloji səviyyədə  nöqsanlar mövcud olduğuna görə metodiki səviyyədə dərsliklərdə aparılan korrektə işləri öz faydalılığı ilə fərqlənmir. Problemin sistemli həlli, ilk növbədə, dərslik hazırlanması üçün metodoloji müstəvidə ilkin, başlanğıc meyar kimi nəyin əsas götürülməsinin ayırd edilməsini tələb edir. Təbii ki, dərslik hazırlanarkən hansı meyarlara istinad olunması pedaqoji ictimaiyyətə bəllidir. Burada heç bir mübahisəli məsələ yoxdur. Amma nə qədər qəribə olsa da pedaqoji ədəbiyyatda ilkin, başlanğıc meyar kimi heç nə göstərilmir. Fikrimizcə, belə meyar kimi ilk növbədə, dərsliyin hansı məktəb tipi üçün yazılması nəzərdə tutulmalıdır. Təəssüf hissi ilə qeyd edək ki, dərsliklər yazılarkən, bu meyar mahiyyətcə nəzərə alınmır. Bu boşluq dərsliklərdə müəyyən nöqsanların yaranması ilə nəticələnir ki, bunları da metodiki səviyyədə aradan qaldırmaq mümkün olmur.

 

Kurikulumların tətbiqi, ümidlər və...

 

Kurikulumların tətbiq edilməsi məktəb həyatında canlanma yaratdı. Əslində bu, məktəbin inkişafının yeni mərhələsinin başlanğıcı idi. Kurikulumların tətbiqi artıq bütün siniflərə tətbiq edilmişdir.  Şəxsiyyətyönümlü və nəticəyönümlü xarakter daşıyan bu kurikulumlar nəzəri cəhətdən özünəməxsus  pedaqoji  əhəmiyyətə malikdir. Onların tətbiqi fəal təlim metodlarına geniş meydan açdı, şagirdin özünüaktuallaşma səviyyəsinin yüksəlməsinə, motivasiyasının formalaşmasına, idraki maraqlarının, qabiliyyətlərinin nəzərə alınmasına imkan verdi və fənlərin tədrisi şagirdlərdə səriştələrin formalaşmasına xidmət etməyə başladı.

 

Bütün bu deyilənlər pedaqoji, psixoloji və təlim texnologiyaları baxımından yüksək qiymətləndirilməlidir. Görülən pedaqoji işlərin ilkin nəticələrini təhlil etsək məlum olar ki, kurikulumların tətbiqi təfəkkür və təxəyyül paradiqmasının təhsil sisteminə tətbiqini genişləndirdi və ümumtəhsil orta məktəbini yaradıcı təfəkkür və təxəyyül məktəbinə çevirmək imkanı yaratdı. Bu paradiqma müəllim-şagird münasibətlərini yeni müstəviyə - subyekt-subyekt münasibətləri səviyyəsinə qaldırdı, müəllim-şagird əməkdaşlığına şərait yaratdı. Kurikulumların tətbiqi zamanı müəllimlər üçün təşkil olunan təlimlər aparılan islahatların müvəffəqiyyətini daha da artırdı. Bu yeniliklər pedaqoji nöqteyi-nəzərdən müsbət qiymətləndirilməlidir. Lakin dünya sürətlə inkişaf edir. Bu prizmadan baxanda ümumtəhsil orta məktəbi heç də qüdrətli görünmür, əksinə, onun dünyanın inkişafını sakit və təbəssümlə seyr etdiyinin şahidi ola bilirik. Görəsən bunun səbəbi nədir? Axı müstəqillik əldə edildiyi gündən bu günə qədər məktəbin inkişafı üçün çox iş görülüb. Məsələn: Məktəb həyatı demokratikləşdirilib, müəllimin rəhbərlik üslubu yeniləşib, müəllim-şagird münasibətləri əməkdaşlıq müstəvisində inkişaf edir, məktəbin məzmunu müəyyənləşdirilərkən, hansı fənlərin, hansı məzmunda tədris edilməsi şagirdlərə həyatda hansı biliklərin lazım ola biləcəyi ehtimalı üzərində müəyyən edilmiş, hər bir fənni şagirdlərdə motivasiyanın yaradılması müstəvisində tədris edilir, onlara həyatda bu biliklərdən harada və necə istifadə edə biləcəkləri öyrədilir, fənlərin tədrisində müasir əyani vəsaitlərdən istifadə edilir, məktəbəqədər yaş dövrünün son pilləsində uşaqların məktəbə hazırlığı reallaşıb və s.

 

Göründüyü kimi, müstəqillik əldə edildiyi zamandan bu günə qədər orta ümumtəhsil məktəbinin inkişafı üçün çox iş görülüb. Lakin bu günə qədər unudulub ki, orta ümumtəhsil məktəblərinin xəmiri “hamıya hər şey öyrətmək” prinsipi ilə yoğrulub. Sual oluna bilər? Bu gün hamıya hər şeyi öyrətmək mümkündürmü? Təbii ki, xeyr, mümkün deyil.  “Hamıya hər şeyi öyrətmək” prinsipi XVII əsrdə yaranmışdır, həmin dövrdə bu prinsip öz təcəssümünü tapa bilərdi. Bu gün inkişaf etmiş ölkələrin məktəblərində təhsilin məzmununun əsas meyarı insana hansı səriştələrin aşılanması üzərində qurulur. Belə yanaşma qabiliyyət problemini və təmayül siniflər məsələsini aktuallaşdırır. Başqa sözlə desək, təmayül siniflərdə təhsilin məzmunu şagirdin qabiliyyətinin inkişafına istiqamətlənir.

Təmayül məktəblər  və təmayül siniflər müasir təhsil konsepsiyalarının tətbiqi üçün münbit şərait yaradır. Təhsil Nazirliyinin son dövrlərdə təmayül siniflər yaradılması qənaəti təhsilimizin bugünkü inkişafının daha da yüksək səviyyəyə qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir. Daha dəqiq ifadə etsək, təmayül siniflərinin  yaradılması Azərbaycan təhsilinin inkişafının növbəti mərhələsidir. Mövcud normativ sənədlər  və metodologiya bu siniflərin yaradılması üçün tam qənaətbəxşdir.

 

Orta məktəbdə təmayül siniflərin yaradılması bəzi pedaqoji tələbləri gündəmə gətirir. İbtidai sinifləri bitirən şagirdlərin qabiliyyətlərinin müəyyən edilməsi həyata keçirilməli, həftəlik dərs saatları azaldılmalı, müstəqil fəaliyyət saatları artırılmalı, şagirdlərə dərs vaxtı verilən tapşırıqların müstəqil fəaliyyət saatlarında müəllimin nəzarəti altında yerinə yetirməsi və ya diskussiyada iştirak etməsi zəruri tələblərdir. Bu tələblərin həyata keçirilməsi şagirdlərdə əqli bacarıqların və zəruri səriştələrin, o cümlədən biliklərin daha dərindən mənimsənilməsinə şərait yaradar. Məsələnin belə qoyuluşu Milli Kurikulumun məktəb qarşısına qoyduğu tələblərlə uzlaşır və bu tələblərin həyata keçirilməsi üçün zəruri şərait yaradır.  Belə təcrübə inkişaf etmiş ölkə məktəblərində də vardır. Bu məsələlər daha geniş təhlil və müzakirə tələb edir. 

 

Mövcud təcrübə və ya təmayül məktəblər  (liseylər) haqqında

 

Təmayül məktəbləri  hələ sovet dönəmində də fəaliyyət göstərirdi. Bu məktəblər yarandığı ilk illərdən şagirdin qabiliyyət və maraqlarına əsaslandığı üçün təhsilin keyfiyyəti bu məktəblərdə daha yüksək idi. Həmin dövrlərdə əgər ümumtəhsil orta məktəbləri daha çox yaddaş məktəbi kimi xarakterizə olunurdusa, təmayül məktəbləri ondan bir pillə yüksək,  təfəkkür məktəbi kimi qiymətləndirilirdi. Onların çevrəsində “fizika-riyaziyyat”, “kimya-biologiya”, “incəsənət” və s. təmayüllü məktəbləri qeyd etmək olar. Lakin bu tip məktəblərin sayı çox az idi. Belə məktəblər adətən paytaxt şəhərlərdə yaradılır və onlar əsasən internat xarakterli idi. Yəni, şagirdlər həftənin I-VI günləri məktəbdə yaşayır, orada həm dərs oxuyur, həm istirahət edir, asudə vaxtlarını orada keçirir, həm dərslərinə hazırlaşır, həm də qidalanır və orada gecələyirdilər. Bu məktəblərin internat tipli olmasının səbəbi şagirdlərin hər gün uzaqdan məktəbə gəlib-getmə problemini həll etmək idi. Lakin şəxsiyyətin sosiallaşması baxımından müəyyən əhəmiyyətə malik olan bu məktəblərin sayının az olmasının səbəbi onun ümumtəhsil orta məktəbi ilə müqayisədə daha çox maliyyə xərcləri tələb etməsi idi. Lakin nəticə baxımından bu məktəblərdə şagirdlərin inkişafı daha yüksək idi.

 

İlk növbədə bu məktəblərdə şagird dərsdən sonra nəzarətsiz qalmır, müəllimlərin rəhbərliyi altında dərslərinə hazırlaşır, maraq və qabiliyyətlərinə müvafiq olaraq, əlavə məşğələdə iştirak edir, müəllim tərəfindən təşkil edilən tədbirlərdə fəaliyyət göstərirdi. Bir sözlə, şagird bütün günü məktəb tərəfindən məqsədyönlü şəkildə təşkil olunan müəyyən tədbirdə iştirak edir, asudə vaxtlarında ünsiyyət tələbatlarını təmin etmək, sinif yoldaşları ilə dialoqa girib, müəyyən məsələləri müzakirə etmək imkanına malik idi. Bu məktəblərdə fikrimizcə, əsas çatışmayan cəhət şagirdin sosiallaşmasında valideynlərin, qohumların, qonşuların, həyət dostlarının və s. rolunun azalması idi.  Əvəzində şagird hansı təmayüllü məktəbdə oxumasından asılı olaraq, gələcək peşəsini daha aydın təsəvvür edirdi, onda bu istiqamətdə motivasiya yaranırdı və o, bütün fəaliyyətini özünün gələcək peşəsini daha dərindən öyrənməyə cəhd edirdi. Məqsəd aydınlığı onun fəaliyyətini stimullaşdırırdı. Bu məktəbli həyatı üçün mühüm əhəmiyyət kəsb edir ki, ənənəvi ümumtəhsil orta məktəbində bu məqam çatışmayan amillər sırasında özünə möhkəm yer tuturdu.  

 

Müstəqillik əldə etdiyimiz müddətdə isə dünya praktikasına uyğun olaraq, ölkəmizdə bir çox liseylər yarandı. Onlar məzmunları etibarı ilə bir çox məqamlarda təmayül məktəblərindən faydalandılar. Hətta deyərdim ki, təmayüllü məktəblərdən də irəli gedərək, daha maraqlı, daha çevik, daha praktik məktəb tipi yaratdılar. Bu məktəblərin əksəriyyəti, sadəcə olaraq təmayül siniflərdən ibarət oldu.

 

Təmayül məktəb  və liseylərə  qəbul müsahibə (və ya imtahan)  yolu ilə keçirilir. Bunu təbii saymaq lazımdır. Hər bir lisey qəbul etdiyi şagirdin maraq və qabiliyyətlərini, motivasiyasını, bilik və dünyagörüşünün səviyyəsini və s. bilməlidir. Təsadüfi deyil ki, bu məktəblər qısa zaman kəsiyində daha savadlı məzunları ilə fərqlənməyə başladı. Hərçənd ki, bu məktəblərin də məzmununda həllini gözləyən problemlər az deyil. Məsələ burasındadır ki, bu məktəblərin ümumtəhsil orta məktəbindən fərqi yalnız təmayül siniflərində təmayül fənlərin saatlarının artıq olmasıdır. Proqramlarındakı  cüzi fərqləri hətta məzmun fərqi kimi qiymətləndirmək də düzgün olmazdı. Belə ki, bu məktəblərdə təhsil alan şagirdlər elə ümumtəhsil orta məktəbinin dərsliklərindən istifadə edirlər. Halbuki bu məktəblərin hər biri özünəməxsus dərsliklərə malik olmalı idi. Hətta buna baxmayaraq, bu məktəblərin məzunları daha yüksək biliyə malik olurlar. Görəsən, bu məktəblərin müvəffəqiyyətinin səbəbi  nədir? Bu məsələni izah edək:

 

Birincisi, bu məktəblərdə maraq və qabiliyyətinə görə bir-birinə yaxın şagirdlər təhsil alırlar. Ona görə də bu şagirdlər üçün müəllimin verdiyi tapşırıqlar daha çox idraki əhəmiyyət kəsb edir, onlar bir-birləri ilə daha asanlıqla dialoqa girir, problemi daha anlaşıqlı şəraitdə müzakirə edirlər. Elə buna görə də bu məktəblər “yaradıcı təfəkkür məktəbi” kimi daha yüksək statusu qoruyub saxlaya bilmişlər. İkincisi, siniflər qruplaşdırılarkən, maraq və qabiliyyətlər üstün tutulduğundan, bu siniflərdə fəal təlim metodlarının tətbiqi daha yüksək pedaqoji səmərə əldə etməyə imkan verir. Üçüncüsü, bu məktəblərdə təxəyyül-yaradıcılıq paradiqmasının tətbiq edilməsi üçün münbit şərait vardır.

 

Bəs bu məktəblər hansı nöqsanlara malikdirlər? İlk növbədə qeyd etmək lazımdır ki, bu məktəblərdə də təhsilin məzmunu düzgün tənzimlənməmişdir. Hər şeydən əvvəl, ümumtəhsil məktəbi üçün nəzərdə tutulan dərslikdən təmayül xarakter daşıyan liseyin istifadə etməsi metodoloji cəhətdən səhvdir. Hər bir məktəb tipinin məzmununa uyğun olaraq kurikulumu, fənn kurikulumları və dərsliyi olmalıdır.

 

İlk növbədə, hansı tip məktəbdə hansı fənləri tədris etmək lazımdır?-sualını aydınlaşdırmaq lazımdır. Bundan sonra araşdırmaq lazımdır ki, hansı tip məktəbdə, hansı fənn, hansı məzmunda tədris edilməlidir. Məsələn, liseydə humanitar təmayüllü siniflərdə humanitar fənlər hansı məzmunda, təbiət fənləri hansı məzmunda, əksinə, texniki təmayüllü liseydə təbiət fənləri hansı məzmunda, humanitar fənlər hansı məzmunda tədris edilməlidir. Yəqin siz də razılaşarsınız ki, humanitar təmayüllü siniflərdə, məsələn, riyaziyyat fənni həm məzmunu, həm də tədris texnologiyası baxımından texniki təmayüllü sinifdə tədris olunan riyaziyyat fənninin məzmun və tədris texnologiyasından fərqlənməlidir, əksinə, humanitar təmayüllü liseydə tarix və ədəbiyyat fənni, riyaziyyat təmayüllü liseydə tədris olunan tarix və ədəbiyyat fənlərinin məzmunu və tədris texnologiyası baxımından fərqlənməlidir. Digər fənlərin məzmunu da bu qayda ilə müəyyən edilməlidir. Bu zaman belə meyardan çıxış etmək lazımdır: məsələn, gələcəkdə tarixçi olacaq bir insan riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və s. fənlərdən nəyi bilməli, əksinə, riyaziyyatçı ola biləcək bir insan tarix, ədəbiyyat və s. fənlərdən nəyi bilməlidir. Bu fənlərin sərhədlərini müəyyən etmək çox çətindir.

 

Şagirdin dərs yükü nə qədər olmalıdır?

        

Keçən əsrin 80-ci illərindən etibarən şagirdlərin çox yükləndiyi həm pedaqoqlar, həm psixoloqlar, həm metodistlər, həm də ilk növbədə, bəlkə də müəllimlər tərəfindən tez-tez vurğulanırdı. Artıq yüklənmənin aradan qaldırılmasında liseylər geniş imkana malikdir. Burada sadəcə olaraq, hər bir təmayül sinfində hansı fənlərin hansı məzmunda tədris edilməsinin metodoloji əsasını tapmaqdır. Bu metodologiyanın hazırlanması həm məktəbin məzmununun təkmilləşməsinə, həm şagird hazırlığının keyfiyyətinin, həm də texnoloji bazanın tətbiqinin pedaqoji səmərəsinin artmasına kömək edər, şagirdləri əlavə yüklənmədən qurtarar.

 

Alternativ dərsliklər problemi

 

Dərsliklər haqqında hələ çox danışılmalıdır. Bu sahədə hələ çox işlər görülməlidir. Bir məqalə çərçivəsində bütün suallara cavab tapmaq çətindir. Amma buna baxmayaraq, metodoloji əhəmiyyət kəsb edən bəzi məqamları vurğulayaq. İlk növbədə, məktəbin hər bir tipi üçün ayrı-ayrı dərsliklər çap edilməlidir. Hətta mümkün olarsa, hər bir məktəb tipi üçün ümumi proqramı özündə əks etdirən alternativ dərsliklər olmalıdır. Dərslikdən əlavə, şagirdlər üçün dərslikdə verilən materialların daha dərindən mənimsənilməsi, müəllimlər üçün  isə verilən materialı daha yaxşı izah etmək üçün müxtəlif metodiki vəsaitlər olmalıdır.

 

Epiloq əvəzi

 

Azərbaycan məktəbi şərəfli tarixə malikdir. O, daim öz fəaliyyətini zamanın tələbinə uyğun qura bilmişdir. Bu gün də Azərbaycan məktəbi əsrin önəmli psixopedaqoji mənzərəsi ilə seçilir, inkişafedici, şəxsiyyətyönümlü, nəticəyönümlü və tərbiyəedici təlim modellərinə əsaslanır. Ümidvarıq ki, təmayül siniflərin yaradılması Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə yüksəlməsində önəmli rol oynayacaqdır.

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru, pedaqoji elmlər doktoru, Təhsil Şurasının sədri



25.10.2019 | 13:31