Türk mənşəli adlar necə dəyişdirilib?

AMEA Coğrafiya İnstitutunun  elmi  seminarı keçirilib.

 

Elmlər doktoru Yasin  Kərimov “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının Ermənistan Respublikasının dövlət orqanlarının rəsmi sənədləri ilə dəyişdirilməsi” kitabı haqqındakı   məruzəsində bildirib ki, o, Rusiya arxivlərində çalışıb və  Azərbaycanın tarixi ərazilərindəki (indiki Ermənistan əraziləri) yaşayış məntəqələri, o cümlədən  kənd soveti adlarının dəyişdirilməsi ilə bağlı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 60-dan artıq fərman və digər sənədlərini əldə edib.

 

Bu fərmanlarda 1946-1968-ci illər ərzində müxtəlif bəhanələrlə 300-dən artıq türk mənşəli adın erməni adı ilə dəyişdirilməsi sübut olunur (Bu günə qədər belə adların sayı 1000-i ötüb).

 

Məsələn, fərmana əlavə olunmuş arayışda deyilir: “Ermənistanda xarici işğalçıların hakimiyyəti dövründən qalmış təhqiramiz məna daşıyan yaşayış məntəqələrinin türk mənşəli adlarının dəyişdirilməsi üzrə işlər gedir. Həmçinin, imkan olduqca erməni tarixi adları bərpa edilir”. Yaxud digər bir fərmanda deyilir: “Əhalisi Azərbaycana köçməsi ilə əlaqədar adları göstərilən yaşayış məntəqələri ləğv edilsin”.

 

Məruzə ətrafında çıxış edənlər müəllifin lazımlı arxiv materiallarını kitab halına salmaq təşəbbüsünü yüksək qiymətləndiriblər.

 

Coğrafiya institutunun direktoru, akademik Ramiz Məmmədov qeyd edib ki, ermənilər tarixi öz xeyirlərinə saxtalaşdırmaq meyllərindən əl çəkə bilmədiklərindən hər vasitə ilə yalan məlumatlar yaymaqda, dünya ictimaiyyətini aldatmaqda davam edirlər:”Ona görə bizim vəzifəmiz onları cavabsız qoymamaq, tutarlı dəlillərlə bu yalanların ayaq tutub yeriməsinə imkan yaratmamaq, informasiya savaşında geridə qalmamaqdır”.



26.10.2019 | 12:41