Slavyan Universiteti haqqındakı məlumatları təkzib edir

Bakı Slavyan Universiteti ( BSU)  son günlər müxtəlif internet media resurslarında  haqqında  yayılan informasiyaları təkzib edib.

 

İddia olunurdu ki, guya BSU-nun Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasına heç bir elmi dərəcəsi olmayan beş-altı nəfər müəllim işə qəbul olunub.  Ali məktəbdən bildirilib ki, bu yazıların həqiqətlə heç bir əlaqəsi yoxdur, tamamən  qərəzli xarakter daşıyır.

 

İzah edildiyinə görə, Pedaqogika və psixologiya kafedrasına müvafiq peşə-ixtisas dərəcəsinə malik olan müəllimlər işə qəbul edilib ki, mövcud qanunvericilik onların ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinin müvafiq kafedralarına işə qəbul edilmələrinə icazə verir. Bütün digər kafedralarda da qeyd edilən bu meyarlar əsas şərt, başlıca amildir.

 

Universitetdən bildirilib ki, BSU-da işə qəbul zamanı müasir dünyagörüşünə, yaradıcı təfəkkürə, dərin biliyə, pedaqoji peşəkarlıq və təcrübəyə, eləcə də müsbət mənəvi-əxlaqi keyfiyyətlərə malik olan yüksək səviyyəli mütəxəssislərə üstünlük verilir. Belə olan halda bu iddialar tamamilə əsassızdır və reallığı əks etdirmir.

 

Universitetin kollektivi  bu cür yalan yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir.               

    



28.10.2019 | 15:24